EN

Slovakiyanın baş prokuroru Azərbaycandadır -FOTOLAR

Slovakiyanın baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Redaktor.az xəbər verir ki, sentyabrın 19-u nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Eyni zamanda Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzülüb.

Daha sonra Azərbaycan baş prokuroru Kamran Əliyev Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Baş prokuror görüşdə Azərbaycan və Slovakiya arasında yüksəksəviyyəli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşımasını, dövlət başçılarının ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin əhəmiyyətini, Slovakiya şirkətlərinin Qarabağda bərpa işlərinə verdiyi töhfələri, eləcə də ticarət, texnologiya və sənaye sahələrində əməkdaşlığın genişlənməsi fonunda prokurorluq orqanları arasında da peşəkar əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan Elektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumat verilib.

Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi, ekstradisiya və hüquqi yardım sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Maroş Jilinka çıxışında Azərbaycanda həyata keçirilən hüquqi islahatların beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğunluğunun mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq ölkəmizin hüquq sisteminin inkişafı istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, cinayətkarlığa qarşı mübarizədə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq hüquq normalarına uyğun fəaliyyətin daha da inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Sonda Azərbaycan və Slovakiya Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb.

Qonaqlar həmçinin Baş Prokurorluğun Tarix Muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

 






Chosen
32
21
redaktor.az

10Sources