EN

UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunub

Azərbaycan milli musiqisinin banisi, Şərqdə ilk operanın müəllifi və Azərbaycanın Dövlət Himninin bəstəkarı akademik Üzeyir Hacıbəylinin 140 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd olunub.

Mərasim Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin və Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil edilib.

UNESCO yanında daimi nümayəndə Elman Abdullayev çıxışında bildirib ki, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi bəstəkarın həyat və yaradıcılığına ehtiramı nümayiş etdirir. Bu, eyni zamanda musiqinin birləşdirici gücünü, mədəniyyətlər arasında dialoqun qurulmasına və ümumbəşəri dəyərlərə verilən qiyməti göstərir. Daimi nümayəndə Üzeyir Hacıbəylinin Azərbaycanın milli musiqi kimliyinin formalaşmasında müstəsna rol oynamasından danışıb.

“1908-ci ildə Şərqdə ilk opera olan “Leyli və Məcnun” təkcə musiqi əsəri deyildi. Bu, əsl mədəni inqilab idi. Hacıbəyli, Azərbaycan muğamının əsrlərlə formalaşmış ənənəsini Qərb musiqisinin klassik formaları ilə birləşdirərək, Şərq və Qərb arasında musiqi körpüsü saldı.

Onun əsərlərinin gücü də bu sintezə dayanır – milli irsə dərin bağlılıq, eyni zamanda bəşəriyyətə açıq mesaj. Hacıbəylinin musiqisi Azərbaycan xalqının ruhunu, ədəbiyyatını və tarixini əks etdirir və bütün bəşəriyyətə xitab edir. Onun irsi UNESCO-nun missiyası ilə tam uyğun gəlir”, – deyə səfir məlumat verib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibəyli çıxış edərək akademik Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından ətraflı bəhs edib.

Akademik bildirib ki, Üzeyir Hacıbəylinin əsərləri Azərbaycan sərhədlərini aşaraq, dünya səhnələrində uğurla nümayiş olunub və xalqlar arasında mədəni körpüyə çevrilibdir.

O, yalnız bəstəkar deyil, həm də görkəmli alim, maarifçi, pedaqoq və ictimai xadim idi. Onun təşəbbüsü ilə əsası qoyulan Azərbaycan Dövlət Konservatoriyası – Bakı Musiqi Akademiyası bir çox musiqiçi yetişdirib. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının ilk təsisçilərindən biri olub.

Qeyd edilib ki, UNESCO kimi beynəlxalq mədəniyyət platformasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi onun irsinin yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət daşıdığını sübut edir.

Akademik İsa Həbibbəyli Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsi Elman Abdullayevə akademik Zemfira Səfərovanın bu yaxınlarda AMEA-nın “Elm” nəşriyyatında ingilis dilində nəşr olunmuş “Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq karyerası” kitabını hədiyyə edib.

Tədbir konsert proqramı ilə müşayiət olunub.

Qabil YUSİFOĞLU
XQ

Chosen
15
4
xalqqazeti.az

8Sources