EN

20 Sentyabr - Dövlət Suverenliyi Günü: Samuxda elmi-praktiki konfrans

Samux Rayon İcra Hakimiyyətində 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə elmi-praktiki konfrans keçirilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, RİH əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev bu əlamətdar günün Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb. O bildirib ki, 20 Sentyabr-Dövlət Suverenliyi Gününün təsis olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uğurlu hərbi strategiyası nəticəsində mümkün olub.

Firdovsi Əliyev qeyd edib ki, 2023-cü ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatlara cavab olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat davam edən bu əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri separatçılardan tam təmizləndi, ölkəmizin konstitusiya quruluşu bərpa edildi və dövlət suverenliyi tam şəkildə təmin olundu.

Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Mərkəzi Kitabxana Sisteminin müdiri Telli Nəsibova və Əməkdar müəllim Səlminə Məmmədova Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin şəhidlərimizin canı-qanı bahasına əldə olunduğunu xüsusi vurğulayıblar. Onlar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, bu qələbənin Azərbaycanın gələcək uğurları üçün möhkəm təməl olduğunu bildiriblər.

Tədbir iştirakçıları yekdilliklə qeyd ediblər ki, bu tarixi zəfər Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və siyasi rəhbərliyin qətiyyətinin parlaq nümunəsidir. Dövlət Bayrağımız bu gün işğaldan azad edilmiş bütün torpaqlarda əzəmətlə dalğalanır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux

Chosen
13
1
xalqqazeti.az

2Sources