EN

Üzeyir Hacıbəyli festivalı çərçivəsində “Sənət inciləri” adlı mühazirə-konsertlər keçirilir

 

 

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçirilir. 

Festival çərçivəsində Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən “Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunur. 

Layihə dövlət başçısının müvafiq Sərəncamı ilə bu il anadan olmasının 140 illiyi geniş qeyd edilən dahi bəstəkar və musiqişünas, publisist və pedaqoq Üzeyir Hacıbəylinin (1885-1948) musiqi mədəniyyətimizə bəxş etdiyi əsərləri, şifahi ənənəli nümunələrin nota köçürülməsi və peşəkar musiqinin geniş xalq kütlələri arasında təbliğinə verdiyi misilsiz töhfələrin xüsusilə gənc nəslin diqqətinə çatdırılması, onların estetik tərbiyəsi və bədii zövqünün formalaşması məqsədi daşıyır. 

Mühazirə-konsertlər Bakı Dövlət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Azərbaycan Dillər Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşır.

Festivalın proqramına uyğun olaraq, mühazirə-konsertlərin ilki sentyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) təşkil edilib. 

Əvvəlcə ADU-nun prorektoru, filologiya elmləri doktoru, professor Həmidə Əliyeva və MEMİM-in direktoru vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov Üzeyir Hacıbəylinin Azərbaycanın mədəniyyəti və ictimai fikrinin inkişafındakı xidmətlərindən danışıb, layihənin əhəmiyyətini vurğulayıblar. 

XQ xəbər verir ki, tədbir MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Üzeyir Hacıbəylinin yaradıcılığında elmi və pedaqoji fəaliyyət” mövzusunda mühazirəsi dinlənilib. 

Daha sonra Qərbi Kaspi Universitetinin xor kollektivi (bədii rəhbər: Rüfət Xəlilov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov) maraqlı musiqi və rəqs kompozisiyaları ilə çıxış ediblər. Proqramda Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin (1885-1937) bir-birindən dəyərli musiqi əsərləri səslənib. 

Tədbirdə ADU-nun kollektivi ilə yanaşı Azərbaycan Texniki Universiteti və Bakı Avrasiya Universitetinin professor-müəllim və tələbə heyəti də iştirak etmiş, proqram izləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Qeyd edək ki, “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 22-də Bakı Dövlət Universitetində təşkil olunacaq.

Chosen
8
1
xalqqazeti.az

2Sources