EN

Almaniyanın siyasəti anti-yəhudi xətt üzərində qurulmayıb -EKSPERT

Bu hadisələri İkinci Dünya müharibəsinin təkrarı adlandırmaq və ya tarixə paralel çəkmək əsaslı deyil

Almaniyanın Flensburq şəhərində yerli mağazalardan birinin qapısından asılan "yəhudilərin girişi qadağandır" lövhəsi narazılığa səbəb olub.
Mağaza sahibi Qəzzada baş verənlərə etiraz olaraq yəhudilərin mağazaya girişini qadağan etdiyini bildirib.
Polisin müdaxiləsindən sonra lövhə götürülüb.
Bu hadisə isə ictimai müzakirələrə səbəb olub. Çünki tarixdə, xüsusən də İkinci Dünya müharibəsi dövründə Almaniyada yəhudilər kütləvi şəkildə təqib və soyqırıma məruz qalmışdılar. İndi ortaya çıxan belə nümunələr “o dövrün təkrarlanması mümkündürmü?” sualını gündəmə gətirir. Bununla belə, hazırda Almaniya rəhbərliyi irqçi meyillərə dövlət səviyyəsində yol vermədiyini bildirir. Eyni zamanda ölkə bu kimi halları cinayət xarakterli ayrı-ayrı hadisələr kimi qiymətləndirir.

Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a deyib ki, Almaniyada bu gün yəhudilərə qarşı baş verən bu və ya buna oxşar bir neçə hadisəni İkinci Dünya müharibəsi ilə eyniləşdirmək düzgün deyil:

"Avropanın bəzi hissələrində olduğu kimi, Almaniyada da şovinizm və irqçilik nümunələrinə rast gəlinir. Hətta bəzi insanlar radikal irqçi fikirlərə meyllidirlər. Ümumiyyətlə Almaniyada bəzi şəxslər özlərini üstün irq hesab edir və digər irqləri onlardan aşağı görürlər. Həmin dövrdə də irqçi ideologiya dövlət səviyyəsində təmsil olunurdu. O vaxt radikal irqçilər hakimiyyətə gəldikdə təkcə yəhudilərə qarşı soyqırım törətmədilər, həm də digər dövlətləri işğal edib genişmiqyaslı müharibə başladan tərəf oldular. Amma indiki Almaniya rəhbərliyində bu cür irqçi ideyaların dövlət siyasətinə hakim olduğunu görmürük. Ola bilər ki, bəzi şəxslərdə belə fikirlər gizli şəkildə mövcuddur. Amma nəticədə bu ideologiya dövlət siyasətinə çevrilməyib. Əksinə, Almaniya hakimiyyəti yəhudilərin hüquqlarını müdafiə edən, hətta İsrailin qanunsuz addımlarına qarşı çıxan bəyanatlar da verib. Xalq arasında şovinist və irqçi meyllər zaman-zaman üzə çıxır. Bu, nümunələrdə də özünü göstərib, amma hələlik bu hadisələri İkinci Dünya müharibəsinin təkrarı adlandırmaq və ya tarixə paralel çəkmək əsaslı deyil. Tarixdən yenidən danışmaq üçün həmin ideologiyanın və onun hazırkı davamçılarının yenidən Almaniyada hakimiyyətə gəlməsi və dövlət siyasətinə hakim olması lazımdır".

Analitikin sözlərinə görə, indiki şəraitdə bu cür hadisələrin sayının artmasına Almaniya hakimiyyəti yol verməyəcək:
"Çünki dövlətin siyasəti anti-İsrail və anti-yəhudi xətt üzərində qurulmayıb. Belə hallarla bağlı tədbirlər yerli cinayətkarlıq səviyyəsində araşdırılacaq və analoji addımların qarşısı alınmağa çalışılacaq. Həmçinin Almaniyanın bu istiqamətdə qərb bloku, xüsusən ABŞ ilə əməkdaşlığı və ümumi Avropa təhlükəsizliyini qorumaq maraqları fonunda anti-yəhudi və anti-İsrail addımlarının qarşısını alacağı gözlənilə bilər".
Chosen
26
1
sherg.az

2Sources