EN

BƏƏ liderinin Şuşadan dünyaya əsas mesajı - ANALİZ

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfər edib.

Füzuli Beynəlxalq Hava Limanına eniş edən qonağı Prezident İlham Əliyev özü şəxsən qarşılayıb. İki ölkə liderləri arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib, bir sıra sənədlər imzalanıb.

Prezident İlham Əliyev Azərbaycanla BƏƏ-nin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

BƏƏ son onilliklərdə Yaxın Şərqin ən dinamik inkişaf edən dövlətlərindən biri kimi qlobal siyasət və iqtisadiyyatda mühüm rol oynamağa başlayıb. Körfəz regionunda yerləşən bu ölkə həm enerji resursları, həm də strateji coğrafi mövqeyi ilə beynəlxalq münasibətlərdə əhəmiyyətli mövqe tutur. Hörmüz boğazına yaxınlığı enerji və ticarət təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir.

Politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, BƏƏ enerji resurslarından əldə etdiyi maliyyəni müxtəlif dövlətlərə yatırımlar şəklində yönəldir: “Son dövrlər BƏƏ-nin Cənubi Qafqaza da marağı artıb. Bu ölkə Azərbaycanla sıx əlaqələr qurub və yaşıl enerjiyə kifayət qədər maraq göstərir”.

BƏƏ-nin regional və qlobal çəkisi

BƏƏ-nin siyasi çəkisini artıran əsas amil onun aktiv diplomatiyasıdır. Ölkə həm regional, həm də qlobal miqyasda balanslaşdırıcı siyasət aparır. 2020-ci ildə İsraillə münasibətlərin normallaşdırılması (“Abraham razılaşmaları”) BƏƏ-ni Yaxın Şərqdə yeni diplomatik güc mərkəzinə çevirdi. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi ölkənin nüfuzunu gücləndirdi.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan 8 avqust Vaşinqton görüşündən əvvəl məhz Əbu-Dabidə bir araya gəliblər. Həmçinin Rusiya və Ukrayna əsirlərin dəyişdirilməsini BƏƏ vasitəçiliyi ilə həyata keçiriblər.

Siyasi şərhçi Rufiz Hafizoğlu isə bildirir ki, BƏƏ İsraillə əməkdaşlıq məsələsində ərəb dünyasında stereotipi qıran ilk ölkədir: "Əmirlik Yaxın Şərqdə lokomotiv rolu oynayır. Azərbaycan da son iki ildə regionda aparıcı siyasət yürüdərək bu müstəvidə önəmli tərəfdaş olub".

BƏƏ-nin uğur formulu: investisiya, diplomatiya və yumşaq güc

Əbu-Dabi əsasən enerji gəlirləri ilə tanınsa da, BƏƏ iqtisadiyyatını neftdən asılılıqdan çıxarmaq üçün uğurlu strategiya həyata keçirir. Dubay bu gün dünya maliyyə, ticarət və turizm mərkəzlərindən biridir. İnfrastruktur, logistika, aviasiya və texnologiya sahələrinə yatırılan böyük sərmayələr ölkəni beynəlxalq investorlar üçün cəlbedici məkana çevirib.

Dubay və Əbu-Dabi hava limanları və liman infrastrukturu ilə BƏƏ qlobal tranzit qovşağına çevrilib. Sərbəst iqtisadi zonalar, vergi güzəştləri və əlverişli biznes mühiti isə ölkəni xarici sərmayə üçün regionun ən stabil mərkəzlərindən biri edib.

BƏƏ yumşaq gücə də böyük önəm verir. Expo 2020 Dubai, COP28 kimi beynəlxalq tədbirlərə ev sahibliyi, kosmik proqramlar, təhsil və texnologiya layihələri ölkənin qlobal mədəni və elmi platformalara inteqrasiyasını gücləndirir.

Cənubi Qafqaz və Azərbaycanla əməkdaşlıq diqqət mərkəzindədir

BƏƏ-nin artan gücü Cənubi Qafqaza, xüsusilə Azərbaycana marağını da artırır. Burada bir neçə əsas istiqamət ön plana çıxır:

- Enerji əməkdaşlığı – Azərbaycanın bərpa olunan enerji layihələri BƏƏ şirkətlərini cəlb edir. “Masdar” şirkətinin Qaradağda tikdiyi günəş elektrik stansiyası bu əməkdaşlığın başlanğıcıdır.

- İnvestisiya və biznes – Bakı ilə Dubay arasında ticarət əlaqələri genişlənir. BƏƏ şirkətləri turizm, daşınmaz əmlak, logistika və kənd təsərrüfatına sərmayə yatırır.

- Geosiyasi yaxınlıq – Hər iki ölkə regional sabitlik və təhlükəsizlik məsələlərində oxşar mövqelərə malikdir.

- Mədəni və turizm əlaqələri – Dubay azərbaycanlı turistlərin populyar istiqamətinə çevrilib, eyni zamanda BƏƏ-dən Azərbaycana turist axını artır.

BƏƏ ilə əməkdaşlıq Azərbaycanın Böyük Qayıdış strategiyasına da töhfə verə bilər. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yaşıl enerji layihələrinə sərmayələr bu istiqamətdə real imkan kimi dəyərləndirilir.

Milli Məclisin Azərbaycan-BƏƏ Parlamentlərarası İşçi Qrupunun sədri Cavanşir Paşazadə Modern.az-a deyib ki, BƏƏ liderinin Qarabağa səfəri Əmirliyin ölkəmizə olan münasibətinin göstəricisidir: "COP29-da geniş iştirakı da bunu təsdiqləyir. Qarabağ torpağında görülən infrastruktur işləri, hava limanlarının fəaliyyəti gələcək iqtisadi layihələr üçün zəmin yaradır. Xüsusilə Zəngəzur dəhlizinin açılması bu əməkdaşlığı daha da gücləndirəcək”.

O əlavə edib ki, dost ölkələrin Qarabağda məktəblərin, fabriklərin tikintisinə qoşulması Azərbaycanın regional inkişafına dəstəkdir.

Elxan Şahinoğlunun fikrincə, səfərin Qarabağda keçirilməsi təsadüfi deyil: “Çünki alternativ enerji imkanları inkişaf etdirilir və BƏƏ bu layihələrdə iştirak edə bilər. Əmirlik həm Azərbaycana, həm də Ermənistana sərmayə yatırır. Bu da onun bölgədə oynadığı balanslaşdırıcı roldan xəbər verir”.

Rufiz Hafizoğlu isə qeyd edir ki, BƏƏ-nin Azərbaycana marağı təkcə iqtisadi deyil, siyasi müstəvidə də vacibdir: “Azərbaycanın Yaxın Şərqdə son illərdə artan nüfuzu Əmirlik üçün xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan bölgədə sözünə qulaq asılan dövlətdir”.

Beləliklə, BƏƏ artıq təkcə Yaxın Şərqin deyil, qlobal siyasət və iqtisadiyyatın da mühüm oyunçularındandır. Onun Cənubi Qafqaz siyasətində fəallaşması Azərbaycanın regional mövqeyinə əlavə üstünlüklər qazandırır. Bu əməkdaşlıq həm enerji təhlükəsizliyi, həm də iqtisadi şaxələndirmə baxımından strateji dəyərə malikdir.

Chosen
7
3
modern.az

4Sources