“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Zirədə baş tutmuş bu oyunda meydan sahibləri 2:1 hesablı əzmkar qələbəyə seviniblər.
Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Olduqca gərgin oyun oldu. Ümumiyyətlə, mövsümün əvvəli olmasına baxmayaraq, hər matç bizim üçün çox dinamik, sürətli və gərgin şəraitdə keçib. Bu, bir daha çempionatımızın keyfiyyətinin artmasını göstərir və təbii olaraq, bizi sevindirir. Amma başa düşürük ki, rəqabətə hazır olmalıyıq, hər oyunda qələbə qazanmaq nə qədər çətindir. Bu gün qalib gəlməsəydik də, oyun bizim üçün pis keçmirdi. Çalışırdıq ki, rəqibin müdafiəsini yaraq. Bir neçə epizodda alındı, amma ilk hissədə bundan istifadə edə bilmədik. Qol buraxdıqdan sonra oyun bizim üçün çətinləşdi. Ən vacib olan odur ki, komanda tələsmirdi. Tez və sürətli oynamağa çalışırdıq, amma tələskənlik yox idi. Belə qələbələr hər məşqçini sevindirər, qürurlandırar. “Şamaxı” kimi möhkəm komandaya son 10 dəqiqədə 2 qol vurub oyunu çevirmək sevindiricidir. Futbolçularımı təbrik edirəm”.
Rəşad Sadıqov artıq növbəti oyuna köklənməyin vacibliyini də vurğulayıb:
“Sabahdan növbəti oyuna köklənməliyik. Növbəti turda “İmişli” ilə qarşılaşma var. Bir oyunda məğlub olublar, onda da 90+9-cu dəqiqədə qol buraxıblar. Dörd oyundur ki, qol buraxmırlar. Ona görə də bizi “İmişli” ilə matç çox qayğılandırır”.
Ayxan Abbasov: “Belə oyunlar çox olacaq”
“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Üzücü məğlubiyyət oldu. Rəqibin gücü bəlli idi. Öz meydanlarında daha yaxşı oynayırlar. “Zirə” iddialı komandadır. Bu gün uşaqlar yaxşı mübarizə apardılar. Sonda konsentrasiya çatmadı. Bu da yorğunluqdan irəli gəlirdi. Qısa vaxtda iki oyun keçirdik. “Karvan”la matç da çətin keçmişdi. Andrey Tırkovyanunun zədələnməsi işimizi daha da çətinləşdirdi.
Son dəqiqələrdə 2 qol buraxdıq. Rəqibin təzyiqi məlum idi. Daha inamlı oynasaydıq və ya ondan əvvəlki epizodu qola çevirə bilsəydik, bəlkə də qalib gələ bilərdik. Amma heç nə bitməyib. Mübarizə davam edir. Belə oyunlar çox olacaq. Ən çox da gənc futbolçularımız möhkəm olmalıdır. Növbəti matça hazırlaşacağıq”.