AZ

Eldəniz Əzizli DÇ-də “bürünc” qazandı və yeni rekordçu oldu

Eldəniz Əzizli Xorvatiyada keçirilən dünya çempionatında medal qazanmaqla Azərbaycan güləşinin yeni rekordçusuna çevrilib.

Arena.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil edilmiş dünya çempionatı davam edir.

Bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşiblər.

Milli komandamızın üzvü Eldəniz Əzizli (55 kq) bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb. Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gəlmiş millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.

Bu gün həm də yunan-Roma güləşi üzrə daha 3 çəkidə mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnən güləşçimiz yarışdan çəkilib.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə (6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3) qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı Abdulla Aliyevə şans tanımayıb – 5:0. Üçüncü dəfə dünya çempionatının finalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahim Qanemlə üz-üzə gələcək.

Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1), 1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan (5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb. Titullu rəqibinə “tuş”la qalib gələn Murad yarımfinala yüksəlib. Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

error: Məzmun qorunur!
Seçilən
21
15
arena.az

10Mənbələr