EN

Beyindəki gizli zülal psixiatrik və nevroloji müalicələr üçün yeni ümid yaradır - ARAŞDIRMA

Bakı, 20 sentyabr, AZƏRTAC

ABŞ-ın Cons Hopkins Universitetinin alimləri beyində “yatmış” hesab edilən zülalların əslində çox aktiv olduğunu, onların psixiatrik və nevroloji xəstəliklərin müalicəsində yeni dərman hədəfi ola biləcəyini açıqlayıb.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, araşdırmada delta tipli “ionotrop qlutamat reseptorları” (GluD) adlanan zülalların neyronlar arasında siqnal ötürülməsində mühüm rol oynadığı göstərilib. Mütəxəssislər, GluD-lərdəki mutasiyaların narahatlıq və şizofreniya kimi psixiatrik vəziyyətlərə səbəb ola biləcəyini bildirir.

Universitetin dosenti Edvard Tvomey deyir: “Bu zülallar uzun müddət beyində yatmış hesab olunurdu. Amma araşdırmamız göstərdi ki, onlar çox aktivdir və yeni müalicələr üçün potensial kanal təklif edir”.

Tədqiqatçılar krioelektron mikroskopdan istifadə edərək GluD-lərin forma və funksiyasını araşdırıblar. Məlum olub ki, bu zülallar sinapsların əmələ gəlməsində və elektrik siqnalların ötürülməsində həlledici rol oynayır.

E.Tvomey əlavə edib ki, GluD-lər bəzi xəstəliklərdə, məsələn insult və beyin şişləri zamanı “super aktiv” olurlar. Bu, hərəkət və tarazlıq problemlərinin müalicəsində yeni dərmanların hazırlanmasına kömək edə bilər. Şizofreniya kimi hallarda isə GluD-lərin aktivliyini artıran dərmanlar potensial müalicə üsulu ola bilər. Tapıntılar, həmçinin yaşlanma və yaddaş itkisi ilə bağlı araşdırmalarda da əhəmiyyətlidir. E.Tvomey bildirir: “GluD-lər birbaşa sinapsları tənzimləyir, biz isə potensial olaraq sinaps funksiyasının pozulduğu hallarda hədəflənmiş dərmanlar hazırlaya bilərik”.

Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.

 

Chosen
57
1
azertag.az

2Sources