EN

Mirzoyan: "Tramp yolu"nun detallarına aydınlıq gətiriləcək

Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında təmaslar, müzakirələr və danışıqlar nəticəsində “Tramp yolu” ilə bağlı detallara aydınlıq gətiriləcək.

Operativ Media xəbər verir ki, bunu sentyabrın 20-də jurnalistlərə açıqlamasında xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə ümumi anlayışlar mövcuddur və bunlar imzalanmış Vaşinqton Bəyannaməsində əksini tapıb: “Orada təsbit olunub ki, kommunikasiyaların açılması iki ölkənin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik və yurisdiksiya çərçivəsində, qarşılıqlı üstünlüklər əsasında, maneəsiz şəkildə həyata keçiriləcək”.

Nazirə ünvanlanan “Niyə sənəddə Azərbaycanla bağlı hissədə ‘maneəsiz yol’ ifadəsi var, amma Ermənistanla bağlı hissədə yoxdur?” sualına Mirzoyan belə cavab verib: “Maneəsiz dedikdə nə nəzərdə tutulur? Onlarla konvensiya və beynəlxalq sənəd var ki, həmin maneəsizliklə bağlı Ermənistanın öhdəlikləri mövcuddur. Üstəlik, təkcə Azərbaycan qarşısında yox”.

Müxalifətin səsləndirdiyi tənqidlərə münasibət bildirən Mirzoyan əlavə edib: “Biz yalnız yazılı və dərc olunmuş mətn ətrafında razılığa gəlmişik. Qalan şifahi şərhlər əhəmiyyət daşımır”.

O həmçinin qeyd edib ki, Ermənistan sənədin ilkin razılaşdırıldığı mart ayının ortalarından və paraflandığı gündən etibarən imzalama prosesi ilə bağlı məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edib: “İndi də biz buna hazırıq”.

Chosen
26
operativmedia.az

1Sources