EN

Deputat: "Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub"

Bu gün qloballaşan dünyamızda dördüncü sənaye inqilabının gətirdiyi müasir çağırışlar və bundan irəli gələrək dünya siyasi arxitekturasının yenilənməsi fonunda Azərbaycan yeni dönəmə artıq tam müstəqil, suveren, demokratik inkişafa əsaslanan hüquqi dövlət kimi daxil olur.
Əlbəttə ki, son 30 ildə Azərbaycan dövləti və xalqı əldə olunan nailiyyətlərə çatmaq üçün ağır və bir o qədər də keşməkeşli yollardan keçib. 2020-ci il, sentyabr ayının 27-də beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq 30 ildən artıq bir müddətdə torpaqlarının işğal altında saxlanılmasına son qoyulması məqsədilə Azərbaycan öz suveren ərazilərində hərbi əməliyyatlar həyata keçirdi. 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan qonşu Ermənistanın silahlı qüvvələri kapitulyasiya edildi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Müharibə bitdikdən sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.
Lakin, Azərbaycanın humanist yanaşması, sülh çağırışlarına məhəl qoymayan Ermənistan və onun havadarları regionda gərginliyi saxlamaq, sülh gündəliyinə zərbə vurmaq məqsədilə Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri vasitəsilə bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməyə davam etdilər. Son 4 ildə törədilən hərbi təxribatlar nəticəsində hərbçilərimiz qəhrəmancasına vuruşaraq şəhid oldular, mülki şəxslər isə mina terrorunun qurbanı oldu. 
2023-cü ilin 19 sentyabr tarixinə qədər davamlı sülhün əldə olunması üçün aparılan diplomatik danışıqların yekununda Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev müdrik Azərbaycan xalqının haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi Konstitusiyasını rəhbər tutaraq, bir günlük lokal xarakterli antiterror əməliyyatının həyata keçirilməsinə dair qərar verməklə insan tələfatına son qoydu, eyni zamanda ölkəmizin suverenliyini tam təmin etdi.
Cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağ ərazisində qeyri-qanuni məskunlaşmış, müxtəlif mənbələrdən maliyyələşən silahlı birləşmələr məhv edildi, erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.
Beləliklə, 2020-ci ildə yazılmağa başlanan Zəfər tariximiz hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə taclandı. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edildi.
Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin məntiqi sonluğunu əks etdirir. 
20 sentyabr – ölkə təqvimdə 2020-ci ildə qazanılan Zəfərin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsindən başlayan şanlı tərəqqi tariximizi özündə ehtiva edir.
Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu müsbət dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın, dövlətimizin qarşısında duran prioritet vəzifədir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı


Chosen
34
3
7news.az

4Sources