EN

Bakıdan İrəvana sərt xatırlatma Paşinyan narahatdır: “Bunu etməsən...”

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında ərazi iddialarının aradan qaldırılması zəruridir. Qurumun 20 sentyabr Dövlət Suverenliyi Günü münasibətilə yaydığı açıqlamada bildirilib ki, Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiqləyib. Nazirlik qeyd edib ki, tarixi fürsətin əldən verilməməsi üçün rəsmi İrəvan konstitusiyada dəyişiklik etməlidir.

Ermənistan niyə hələ də prosesi uzadır? Konstitusiyada dəyişiklik baş verəcəkmi? Bu addım atılmasa, bölgədə hansı nəticələr ortaya çıxa bilər?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Vaşinqton görüşündə əldə olunan nəticələr, imzalanan üçtərəfli bəyanat və paraflanan sülh sazişi Ermənistanın üzərinə konkret öhdəliklər qoyur:

“ABŞ Prezidenti Donald Trampın da imzaladığı bəyanatda yekun sülh sazişinin imzalanması və ratifikasiya edilməsi üçün əlavə tədbirlərin görülməsinin vacibliyi xüsusi olaraq qeyd olunub. “Əlavə tədbirlər” dedikdə isə açıq şəkildə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması nəzərdə tutulur. Yəni bu, seçim yox, öhdəlikdir və mütləq şəkildə icra edilməlidir. Əks halda imzalanmış və ya imzalanacaq hər hansı sənədin real əhəmiyyəti olmayacaq.

Bu baxımdan, Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Suverenliyi Günü münasibətilə yaydığı bəyanatda məsələnin vurğulanması tamamilə təbiidir. Bu, bir daha Ermənistanı öhdəliklərin icrasına məsuliyyətlə yanaşmağa çağıran mövqedir.

Yusif Bağırzadə

Ermənistan özü də konstitusiya dəyişikliyinin qaçılmaz olduğunu anlayır. Bu öhdəliyin yerinə yetirilməməsi Ermənistanı yalnız Azərbaycan qarşısında deyil, həm də beynəlxalq birlik, xüsusilə ABŞ qarşısında çətin vəziyyətə sala bilər. Bundan əlavə, konstitusiya dəyişikliyi olmadan sülh sazişinin imzalanması mümkün deyil ki, bu da Ermənistan üçün ağır nəticələr doğura bilər. Paşinyan hakimiyyəti bunu yaxşı anlayır”.

Politoloq qeyd edib ki, hazırda Ermənistanın praktiki addım atmamasının əsas səbəbi seçki dövrünə daxil olmasıdır:

“Hazırda İrəvanda daxili siyasi müxalifət və kilsə ilə gərgin mübarizə gedir. Paşinyan və komandası bu reallığı nəzərə alaraq konstitusiya dəyişikliyinin zəruriliyini ictimaiyyətə bəyan etməklə faktiki olaraq ictimai rəyi hazırlayır. Əgər seçki öncəsi bu dəyişikliklərin hakim partiyanın mövqeyinə mənfi təsir göstərməyəcəyi qənaətinə gəlsələr, çox böyük ehtimalla 2026-cı ilin 7 iyununda seçkilərlə paralel olaraq referendum da keçiriləcək. Əks halda referendum seçkilərdən sonraya saxlanılacaq.

İstənilən halda bu dəyişikliklər gec-tez həyata keçiriləcək. Çünki Ermənistan üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması həyati əhəmiyyət daşıyır. Bu proses isə yalnız sülh sazişindən keçir. Sazişin imzalanması və ratifikasiyası üçün isə konstitusiya dəyişikliyi şərtdir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources