EN

Azərbaycan tam suveren dövlət kimi yeni mərhələyə daxil olur ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 sentyabr, AZƏRTAC

Bu gün qloballaşan dünyada dördüncü sənaye inqilabının yaratdığı yeni çağırışlar fonunda dünya siyasi arxitekturası yenilənməkdədir. Belə bir şəraitdə Azərbaycan tam müstəqil, suveren və demokratik inkişafa əsaslanan hüquqi dövlət kimi bu yeni mərhələyə daxil olur.

Əlbəttə, son 30 ildə Azərbaycan dövləti və xalqı bu nailiyyətlərə asanlıqla çatmayıb, bu yol həm çətinliklərlə, həm də tarixi sınaqlarla müşayiət olunub. Xüsusilə, 2020-ci il sentyabrın 27-də Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanaraq 30 ildən artıq işğal altında olan ərazilərinin azad olunması məqsədilə hərbi əməliyyatlara başladı. Qırx dörd gün davam edən İkinci Qarabağ - Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiyaya imza atdı və Azərbaycanın 20 faiz ərazisinin işğalına son qoyuldu. Beləliklə, ölkəmizin ərazi bütövlüyü bərpa olundu və Azərbaycan tarixində yeni bir dövrün əsası qoyuldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, müharibə bitdikdən sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi.

Lakin, Azərbaycanın humanist yanaşması, sülh çağırışlarına məhəl qoymayan Ermənistan və onun havadarları regionda gərginliyi saxlamaq, sülh gündəliyinə zərbə vurmaq məqsədilə Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri vasitəsilə bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməyə davam etdilər. Son 4 ildə törədilən hərbi təxribatlar nəticəsində hərbçilərimiz qəhrəmancasına vuruşaraq şəhid oldular, mülki şəxslər isə mina terrorunun qurbanı oldular.

“2023-cü il sentyabrın 19-na qədər davamlı sülhün əldə olunması üçün aparılan diplomatik danışıqların yekununda Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev müdrik Azərbaycan xalqının haqqın və ədalətin əldə olunması üçün istinad etdiyi Konstitusiyasını rəhbər tutaraq, bir günlük lokal xarakterli antiterror əməliyyatının həyata keçirilməsinə dair qərar verməklə insan tələfatına son qoydu, eyni zamanda, ölkəmizin suverenliyini tam təmin etdi.

Cəmi 23 saat 43 dəqiqə ərzində Qarabağ ərazisində qeyri-qanuni məskunlaşmış, müxtəlif mənbələrdən maliyyələşən silahlı birləşmələr məhv edildi, erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Beləliklə, 2020-ci ildə yazılmağa başlanan Zəfər tariximiz hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə taclandı. Azərbaycan Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edildi”, - deyə Məzahir Əfəndiyev vurğulayıb.

Onun sözlərinə görə, bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin məntiqi sonluğunu əks etdirir.

20 sentyabr - ölkə təqvimdə 2020-ci ildə qazanılan Zəfərin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində imzalanmış Əsrin Müqaviləsindən başlayan şanlı tərəqqi tariximizi özündə ehtiva edir.

“Bu gün Azərbaycan bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu müsbət dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın, dövlətimizin qarşısında duran prioritet vəzifədir”, - deyə deputat əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
3
azertag.az

4Sources