EN

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirlər təşkil olunub. Nazirlikdən SİA-ya bildirilib ki, əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himni ilə başlanan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda qeyd edilib ki, Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ilin 19–20 sentyabr tarixlərində keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Dövlətimizin suverenliyi Azərbaycan xalqının qəhrəmanlıq mübarizəsinin nəticəsi kimi vurğulanıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü elan edilib. Bu Sərəncam Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm hadisəni özündə əks etdirən əhəmiyyətli sənəddir.

Tədbirlərin sonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Chosen
21
1
sia.az

6Sources