EN

Ankaradan verilən təklif geopolitik zəlzələ yaradıb Gərginlik artır

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

MHP sədri Dövlət Baxçalının ABŞ və İsrailin beynəlxalq siyasətdə yaratdığı koalisiyaya qarşı Türkiyənin yeni ittifaq qurmasının zəruriliyi barədə açıqlamaları ətrafında müzakirələr davam edir. Onun sözlərinə görə, bu məqsədlə Türkiyə–Rusiya–Çin üçtərəfli ittifaqı ən uyğun model ola bilər. Baxçalının bu fikri həm Türkiyədə, həm də beynəlxalq arenada geniş rezonans doğurub.

Diqqət çəkən məqam ondan ibarətdir ki, Baxçalının ittifaq üçün qeyd etdiyi Moskva və Pekin ABŞ-ın qlobal rəqibləridir. Belə olan halda, NATO üzvü olan Türkiyənin Vaşinqtonun əsas rəqibləri ilə əməkdaşlıq perspektivi ABŞ rəhbərliyi, xüsusən də Prezident Donald Tramp tərəfindən müsbət qarşılanmaya bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 25-də Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edəcəyini açıqlayıb. “Biz çoxsaylı ticarət və hərbi müqavilələr üzərində işləyirik”, – deyə Tramp bildirib.

Ekspertlərin fikrincə, tərəflər arasında baş tutacaq görüşdə Baxçalının gündəmə gətirdiyi məsələ də müzakirə olunacaq.

Globalinfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Dövlət Baxçalının Türkiyə-Rusiya-Çin üçtərəfli ittifaqı ilə bağlı fikirləri daha çox siyasi ritorika xarakteri daşıyır:

Qabil Hüseynli

“Əslində Baxçalının irəli sürdüyü ideya ABŞ və İsrailin regiondakı təsirinə qarşı bir mesaj kimi qiymətləndirilə bilər. Lakin praktik baxımdan Türkiyənin belə bir addım atması real görünmür. Çünki Türkiyə həm NATO üzvüdür, həm də ABŞ və Avropa ilə ciddi hərbi, iqtisadi və siyasi əlaqələrə malikdir. Rusiya və Çin isə ABŞ-ın qlobal rəqibləridir. Ankara üçün bu ölkələrlə strateji ittifaq qurmaq ABŞ-la münasibətlərin dərin böhranına gətirib çıxara bilər.

Tramp-Ərdoğan görüşündə bu mövzu diqqət mərkəzində olacaq. Donald Tramp açıq şəkildə bəyan edib ki, ABŞ və Türkiyə arasında yeni ticarət və hərbi müqavilələr müzakirə olunur. Əgər Ankara Moskva və Pekinlə dərin strateji ittifaqa yönəlsə, bu müqavilələr ciddi şəkildə sual altında qala bilər. Ona görə də düşünürəm ki, Baxçalının təklifi daha çox daxili auditoriyaya hesablanıb və Türkiyənin real xarici siyasət kursunu əks etdirmir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
21
1
globalinfo.az

2Sources