EN

Formula 1 Azərbaycan Qran Prisi 2030-cu ilə qədər davam edəcək

Formula 1 Azərbaycan Qran Prisinin daha dörd il müddətinə uzadılaraq 2030-cu ilə qədər dünya çempionatının təqvimində qalacağını bugün elan etdi.

 XQ xəbər verir ki, Bakı Şəhər Halqası 2016-cı ildən bəri Formula 1 azarkeşlərinə unikal trası ilə həyəcanlı yarışlar təqdim edir. Tarixi İçərişəhərin dar döngələri və Xəzər sahili boyunca uzanan uzun sürətli düzlükləri ilə tanınan bu tras hər il gərgin mübarizələrə səhnə olur. Yarışın izləyici auditoriyası ilbəil artır və 2024-cü ildə 70-dən çox ölkədən azarkeşləri bir araya gətirib.

Səkkiz yarışda yeddi fərqli qalibin olması ilə Azərbaycan Qran Prisi təqvimin ən açıq və gərgin mübarizələrindən birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qələbə qazanan yeganə pilotdur. Hazırkı pilotlardan Luis Hamilton, Maks Ferstappen və Oskar Piastri isə hərəsi bir dəfə qalib gəlib. Avstraliyalı Piastri ötən il Ferrari pilotu Şarl Leklerlə dramatik mübarizədən sonra damalı bayrağa birinci çatıb.

 Gənclər və idman naziri Fərid Qayıbov bildirib :“Formula 1 ilə tərəfdaşlığımızın uzadılması Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini möhkəmləndirir. Azərbaycan Qran Prisi artıq dünya çempionatının ən çox gözlənilən yarışlarından birinə çevrilib və eyni zamanda paytaxtımızın gözəlliyini, qonaqpərvərliyini və enerjisini bütün dünyaya nümayiş etdirir. Bu əməkdaşlıq ölkəmizin gələcək nəsillərə idman sevgisi aşılamaq və böyük tədbirlərə ev sahibliyi etmək istiqamətində atdığı mühüm addımdır.”

Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali deyib: “Bakı şəhərinin enerjisi inanılmazdır və 2016-cı ildə ilk Qran Primizdən bəri Formula 1 burada daim Azərbaycan xalqı tərəfindən isti və səmimi şəkildə qarşılanıb. Bu trek texniki döngələri və Xəzərsahili ilə qədim şəhərdən keçən uzun düzlükləri ilə hər dəfə rəngarəng və maraqlı yarış təqdim edir. Müqavilənin uzadılması Formula 1, Azərbaycan hökuməti və promouter arasındakı güclü etimadı və əməkdaşlığı əks etdirir və ölkədə idmanın gələcəyi üçün yeni perspektivlər açır. Prezident İlham Əliyevə və nazir Qayıbova tədbirin inkişafına göstərdikləri davamlı dəstəyə görə təşəkkürümü bildirirəm. Anar Ələkbərova və Azərbaycan Avtomobil Federasiyasına ölkədə Formula 1-in inkişafına verdikləri töhfəyə, eləcə də Bakı Şəhər Halqası komandasına azarkeşlər, pilotlar və komandalar üçün ilboyu göstərdikləri əvəzsiz zəhmətə görə minnətdaram.”

 

 

Chosen
23
4
xalqqazeti.az

5Sources