EN

Naxçıvanda "Şəhid övladlarına dəstək" tibbi müayinə aksiyasına start verilib

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Ali Məclisin deputatı, Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsinin Stomatologiya kafedrasının müdiri, “İmplant-Dent-Naxçıvan” stomatoloji klinikasının baş həkimi Rauf Cəfərovun rəhbərliyi ilə "Şəhid övladlarına dəstək" tibbi müayinə aksiyasına başlanılıb.

“İki sahil” xəbər verir ki, Naxçıvan Dövlət Universitetində aksiyanın açılışı olub. Universitetin prorektoru Nicat Yaqubov və layihənin rəhbəri Rauf Cəfərov aksiyanın şəhid ailələrinin sağlamlığına, rezident və tələbələrin təcrübə qazanmasına dəstək baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

"Şərur Regional Tibb Mərkəzi" Publik Hüquqi Şəxsində şəhid ailələri ilə müəllim, rezident və tələbələrin görüşü keçirilib. Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Şərur Regional Tibb Mərkəzi"nin direktoru İlham İsmayılov, Rauf Cəfərov və universitetin Tibb fakultəsinin müəllimləri çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycanın qəhrəman oğullarının keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açılıb.

Şəhid ailələri adından Şəhid Zülal Mədətlinin atası Rəhim Mədətli, şəhid Seymur Cabbarovun atası İlham Cabbarov və şəhid Ənvər Əliyevin atası Nizami Əliyev layihəyə görə minnətdarlıq edib, aksiyanın şəhid ailə üzvlərinin, övladlarının sağlamlığına verilən önəmin təzahürü kimi qiymətləndiriblər.

"Şərur Regional Tibb Mərkəzi"ndə şəhidlərimizin xatirəsinə yaradılan "Vətən sizə minnətdardır" guşəsi ilə tanışlıqdan sonra aksiya başlayıb. Aksiya çərçivəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Stomatologiya kafedrasının müəllim, rezident və tələbələri şəhid ailə üzvləri və övladlarını ümumi həkim müayinəsi, stomatoloji müayinə və profilaktikadan keçirib, sağlamlıq haqqında ilkin məsləhətlər veriblər. Həmçinin sağlam həyat tərzi ilə bağlı maarifləndirici söhbətlər aparılıb, aksiyada iştirak edən şəhid övladlarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Sağlam həyat, sağlam gənclik” şüarı ilə keçirilən aksiya 27 Sentyabr-Anım Gününə həsr olunub və 8 Noyabr-Zəfər gününədək davam edəcək. Layihənin məqsədi şəhidlərimizin əziz xatirəsini yad etmək, şəhid övladlarına mənəvi dəstək olmaq, onların tibbi baxışını aparmaq və pulsuz stomatoloji xidmət göstərmək, tələbələrin həm peşəkar, həm də mənəvi baxımdan inkişafına töhfə verməkdir. Aksiya çərçivəsində muxtar respublika üzrə ümumilikdə 100-dən artıq şəhid övladına stomatoloji xidmət göstərilməsi nəzərdə tutulub.

Chosen
17
2
ikisahil.az

3Sources