GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Son günlər Türkiyə və Ermənistan arasında diplomatik danışıqların intensivləşməsi diqqət çəkir. Bakı bu prosesin irəliləyişini müsbət qiymətləndirir, çünki iki qonşu ölkə arasında dialoqun genişlənməsi regionda sülh və stabilliyin möhkəmlənməsinə xidmət edə bilər. Bununla belə, danışıqların tempi və əhatəsi bəzi suallar doğurur:
Azərbaycanın məmnunluğu gələcəkdə narahatlığa çevrilə bilərmi?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov qeyd edib ki, Türkiyə ilə Ermənistan arasındakı intensiv görüşlər, vaxtaşırı təmaslar və telefon danışıqları regionda ciddi maraq doğurur:
“Əvvəlki dövrlərdə bu cür diplomatik aktivlik müşahidə olunsaydı, biz bunu daha çox ehtiyat və neqativ reaksiya ilə qarşılayardıq. Çünki o zaman Azərbaycanın bəzi əraziləri hələ işğal altında idi. Lakin hazırda bu şərait dəyişib: Azərbaycan torpaqları tamamilə öz nəzarətindədir və Ermənistanla müsbət danışıqların aparılması mümkündür.
Vaşinqton razılaşmaları sülh prosesində yeni bir mərhələnin başlanğıcını qoydu. Ermənistan Konstitusiyasında dəyişikliklər edildikdən sonra sülh sazişinin imzalanması üçün şərait yaranacaq. Bu baxımdan rəsmi Ankara, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə heç bir sərt və tələskən müdaxilə etmədən dəstək verir.
Əslində, bu vəziyyət Bakının maraqlarına uyğun gəlir. Azərbaycan bilir ki, Türkiyə bu prosesdə həssaslığı nəzərə alır və hərəkətlərini buna uyğun tənzimləyir. Türkiyə Ermənistanla münasibətləri normallaşdırarkən Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edir, beləliklə, regionda həm sülhün, həm də qarşılıqlı etimadın güclənməsini təmin edir. Bu da göstərir ki, Türkiyə yalnız öz maraqlarını deyil, Azərbaycanın strateji narahatlıqlarını da diqqət mərkəzində saxlayır”.
Turan Rzayev
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.