ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
XXI əsrdə şəhərlərin inkişafı təkcə iqtisadi göstəricilərlə deyil, həm də dayanıqlılıq prinsipləri ilə ölçülür. Sürətlə böyüyən Bakı da bu çağırışların önündə dayanır. Ekoloji tarazlığın qorunması, tullantıların idarə olunması, havanın və torpağın çirklənməsinin qarşısının alınması artıq yalnız texniki məsələ deyil, həm də milli təhlükəsizlik və sosial rifah məsələsinə çevrilib.
Bu baxımdan Azərbaycanın Dünya Bankı ilə birgə başladığı “Yaşanılabilən Bakı” layihəsi strateji əhəmiyyət daşıyır. Layihənin hazırlıq mərhələsi üçün əldə edilən qrant hesabına Abşeronda bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Bu sənəd gələcəkdə ölkəmizin ekoloji infrastrukturuna yönəlik uzunmüddətli yol xəritəsinin əsasını təşkil edəcək.
Paytaxt və onun ətraf ərazilərində tullantı probleminin miqyası illərdir müzakirə olunur. İqtisadi inkişafla paralel olaraq əhali artımı və urbanizasiya prosesi tullantı həcmlərinin dəfələrlə çoxalmasına səbəb olub. Əgər bu məsələ sistemli şəkildə həll edilməzsə, həm ekoloji mühit, həm də ictimai sağlamlıq ciddi risklərlə üzləşəcək. Məhz bu səbəbdən layihə çərçivəsində yeni məlumatların toplanması, baza göstəricilərinin yenilənməsi, müxtəlif investisiya ssenarilərinin hazırlanması nəzərdə tutulur. Məsləhətçi qurum ilkin texniki-iqtisadi əsaslandırmanı yenidən gözdən keçirəcək, daha müasir yanaşmalarla tullantıların idarə olunması üçün alternativ modellər irəli sürəcək.
“Yaşanılabilən Bakı” layihəsi sırf texniki iş kimi görünməməlidir. Burada əsas hədəf insanların sağlam mühitdə yaşaması, gələcək nəsillərə təmiz şəhər miras qoyulmasıdır. Çünki ekologiyanın qorunması iqtisadiyyatın davamlılığı ilə sıx bağlıdır. Tullantıların düzgün idarə olunması, onların emalı və təkrar istifadəsi həm yeni iqtisadi imkanlar yaradır, həm də təbii ehtiyatların qorunmasına xidmət edir.
Bu layihənin icrasında İqtisadiyyat Nazirliyi aparıcı qurum kimi çıxış edir. Bu isə dövlətin ekoloji məsuliyyət məsələsinə sistemli yanaşdığını göstərir. Çünki tullantıların vahid idarə olunması sadəcə ətraf mühitin qorunması deyil, həm də iqtisadi islahatların davamı kimi qiymətləndirilə bilər.
Azərbaycan son illərdə “yaşıl” enerji və ekoloji dayanıqlılıq istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl zona” elan edilmiş azad edilmiş ərazilərdə yeni layihələrin həyata keçirilməsi, su ehtiyatlarının səmərəli istifadəsi kimi addımlar ölkəmizin qlobal ekoloji gündəmdəki mövqeyini gücləndirir.
“Yaşanılabilən Bakı” layihəsi də bu prosesin tərkib hissəsidir. Çünki ekoloji problemlərin həlli olmadan dayanıqlı iqtisadi inkişafdan danışmaq mümkün deyil. Dünya Bankının dəstəyi ilə həyata keçirilən bu təşəbbüs Bakının təkcə bu gününü deyil, həm də gələcək onilliklərini formalaşdıracaq. Azərbaycan ekoloji problemlərin həllini yalnız lokal məsələ kimi deyil, strateji inkişaf xətti kimi görür. Bu isə həm paytaxt sakinlərinə, həm də gələcək nəsillərə daha təmiz, daha sağlam və daha yaşanılabilən bir Bakı vəd edir.
Rövşən ABBASOV,Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri
Dünya Bankının Azərbaycanda həyata keçirdiyi bütün fəaliyyətlər müvafiq dövlət qurumları ilə razılaşdırılır və ölkənin strateji planları, fəaliyyət proqramları ilə uzlaşdırılır. Yəni hazırkı fəaliyyət Bakı şəhərinin inkişaf planı ilə tam uyğunluq təşkil edir. Çünki paytaxtın inkişaf planında məişət tullantılarının idarə olunması əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.
Məişət tullantılarının idarə olunması ilə bağlı onu qeyd etmək olar ki, son on ildə vəziyyət xeyli yaxşılaşıb. Artıq Bakının bir çox rayonlarında tullantıların çeşidlənməsi həyata keçirilir. Tullantılar ayrı-ayrılıqda toplanaraq müvafiq emal müəssisələrinə göndərilir və ya yenidən emala cəlb olunur. Qeyd edim ki, Balaxanıdakı müəssisədə hazırda məişət tullantılarının emalı və utilizasiyası həyata keçirilir. Rəsmi statistikaya görə, 2024-cü ildə yaranmış bərk məişət tullantılarının əksəriyyəti zərərsizləşdirilmək üçün poliqonlara daşınıb, eyni zamanda, tullantılardan enerji əldə edilməsi də artıb və bunun sayəsində elektrik enerjisi istehsalı 2023-cü illə müqayisədə çoxalıb.
Ümumiyyətlə, 2025-ci ildə Azərbaycanın tullantıların idarə olunması sahəsində gördüyü işlər strateji və praktik səciyyə daşıyır. Sanitar poliqonların təmiri və modernləşdirilməsi, tullantıdan enerji layihələrinin təşviqi, qanunvericilikdə ekoloji tələblərin sərtləşdirilməsi, beynəlxalq layihələr və yerli təşkilatların potensialının artırılması bunu deməyə əsas verir. Lakin digər ərazilərdə və kənd yerlərində xidmətlərin tam əhatəliliyi üçün hələ də əlavə investisiyalar, texniki dəstək və bələdiyyələrin gücləndirilməsi tələb olunur. Yerli icmaların maarifləndirilməsi, inzibati savadlılığın yüksəldilməsi və özəl sektorun cəlb edilməsi prosesin davamlılığı üçün vacibdir.
Mirbağır YAQUBZADƏXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.