EN

Sülhə gəlin, ey insanlar!

Sülh insanlığın ən ali arzusudur. Bir ananın oğlu üçün etdiyi dua, bir əsgərin dönmək üçün gözlədiyi xəbər, bir uşağın məktəbə narahatlıq olmadan getmək istəyi, bir xalqın yaşamaq hüququdur.

Hər il sentyabrın 21-də dünya bir daha düşünür: Nə üçün biz sülhə bu qədər möhtacıq? BMT tərəfindən 1981-ci ildən etibarən qeyd edilən Beynəlxalq Sülh Günü yalnız təqvimdəki bir tarix deyil – bu gün bütün müharibələrə, zorakılıqlara, nifrətə qarşı qoyulmuş mənəvi səddir. Bu gün insanlığın vicdanının səsidir.

Dünya tarixinin acı səhifələri bizə dəfələrlə sübut edib ki, sülhün alternativi dağıntı, göz yaşı və insanlıq faciəsidir. Sülh yalnız müharibənin olmaması deyil, həm də insanların bir-birinə hörmətlə yanaşması, fərqliliklərin təhdid yox, zənginlik kimi qəbul olunmasıdır. Bu gün biz bir insan, bir millət, bir bəşəriyyət kimi sülhün yanında dayanmağın məsuliyyətini daşıyırıq.

Azərbaycan xalqı üçün də sülh dərin anlam daşıyan bir dəyərdir. Tarix boyu Vətən, torpaq uğrunda aparılmış mübarizələrdə minlərlə şəhid vermiş bir xalq olaraq biz yaxşı bilirik: sülh istək yox, haqqdır. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər, eyni zamanda bölgəyə uzunmüddətli sülh və sabitlik gətirmək uğrunda atılmış mühüm addım oldu. Bu gün Azərbaycan dövləti regionda sülhün və əməkdaşlığın qurulması üçün qətiyyətlə çalışır.

Məktəblərdə dərs deyən müəllimin, ağac əkən bağbanın, yolda təmir işləri aparan işçinin də işi yalnız öz peşəsini deyil, həm də sülhü qorumağı əhatə edir. Çünki hər bir zəhmət, hər bir inkişaf yalnız sülh şəraitində mümkün olur. Təəssüf ki, müasir dövrdə belə müharibələr, zorakılıq, ayrı-seçkilik və nifrət bəzi yerlərdə insan həyatını kölgə altına alır. Bəziləri üçün sülh sadəcə tarix kitablarında qalan bir anlayışa çevrilib. Sanki hər səhifədə qan var, hər cümlədə göz yaşı. Lakin Beynəlxalq Sülh Günü bizə xatırladır ki, insanlıq bu qaranlıqlara qarşı birlikdə mübarizə aparmalıdır. Sülhü qorumaq təkcə liderlərin, siyasətçilərin deyil, hər birimizin borcudur. Silahları deyil, sözləri seçək. Divarlar yox, körpülər quraq. Nifrət deyil, anlayış toxumu səpək. Çünki sülh sadəcə bir günün deyil, hər günün dəyəridir. Dünyanın bir çox guşəsində insanlar bu gün silah səsini deyil, barışın nəğməsini eşitmək istəyir. Sülh bəzən bir əl sıxımı, bəzən bir körpənin ilk addımı, bəzən isə min bir əziyyətlə dikəldilmiş məktəb binasıdır. Sülhün olduğu yerdə sevgi var, həyat var, gələcək var. Əgər hər birimiz içimizdə bir az da olsa barışa yer ayırsaq, əlimizi uzatsaq, dinləməyi, anlamağı öyrənsək, sülh uzaq bir arzu deyil, gerçək həyat tərzinə çevrilər. Bəlkə bir təbəssüm, bir anlayış, bir "bağışla" sözü dünyanı daha çox dəyişə bilər, nəinki minlərlə silah. İnsanlar çox şeyi bağışlaya bilər, amma tarix sülhün yoxluğunu bağışlamır. Tarix hər səhifəsində bunu bizə göstərir. Biz isə hər dəfə unuduruq. Yenə silah, yenə nifrət, yenə "mən haqlıyam" mübarizəsi... Ancaq bir gün anlayacağıq: Savaşın sonunda qəhrəman da, günahkar da bir olur torpağın altında. Bu Beynəlxalq Sülh Günündə gəlin, ürəyimizdə bir bayraq sancaq – üzərində yalnız bir söz yazılsın: Sülh. Sülh varsa, həyat var, elm var, musiqi var, uşaq gülüşləri var, sabah var.

Bu yazını hazırlayarkən istər-istəməz dünyada sülhün qorunmasına xidmət edən sənət adamlarını, onların əsərlərini xəyalıma gətirir, xalqımızın dünya mədəniyyətinə saysız incilər bəxş edən nümayəndələrini xatırladım. XX əsrin ortalarında bir mahnı bəstələnmişdi. Bu, dünyanın müxtəlif yerlərində tüğyan edən münaqişə və müharibələrə, tökülən qanlara qarşı bir ananın etirazı, hayı-harayı idi. Davadan söz düşəndə qəlbi odlanan insanları bir-birinə dost görmək istəyən ananın, zamanın arzusu ilə üst-üstə düşən və bu gün də aktual olan arzusu... Mən anayam, bu səsimdə Yerin, göyün dərdi var, Sülhə gəlin, ey insanlar! Yoxsa dünya məhv olar...

Bəli, bu misralar bir çağırışdır. Sadədir, lakin mənası dərin və təsirlidir.

Nurəngiz ADİLQIZI
XQ

Chosen
14
1
xalqqazeti.az

2Sources