EN

Bakı “Formula–1”in sehri ilə nəfəs alır

Dünya isə Bakını görür, ondan danışır

Dünən paytaxtın qəlbi bir daha yarış ritmi ilə döyündü. “Formula –1” Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ikinci günü Bakını həm sürət, həm də emosiyalarla doldurdu. Gün boyu üç əsas sessiya baş tutdu və hər biri azarkeşlər üçün ayrı bir həyəcan, ayrı bir tamaşa oldu.

Səhər saatlarında “Formula–1” pilotları sonuncu sərbəst yürüşə çıxaraq bolidlərinin son sazlanmalarını sınadılar. Təcrübəli mühəndislərin hər addımına diqqətlə qulaq asan sürücülər trasda ən kiçik detalı belə yoxlamağa çalışırdı. Ardınca “Formula–2” pilotları sprint yarışına start verdilər. Onların gənclik həvəsi, qələbə arzusu, hər döngədəki riskləri azarkeşləri ayağa qaldırdı. Yarışda isə “Dams Lukas Oil” komandasından Cek Krouford qələbəni əldən vermədi. “Invicta Racing”in Leonardo Fornarolisi ikinci, “Prema Racing”in Qabriele Mini isə üçüncü oldu.

Lakin günün zirvə anı saat 16:00-da baş tutan sıralanma turu idi. Bakı Şəhər Halqasının dar döngələrində və uzun düzlüklərində bolidlərin gurultusu əks-səda verərkən, azarkeşlər nəfəsini içinə çəkib pilotların hər manevrini izləyirdi. Bu həyəcanlı mübarizədə - üç sessiyanın yekununda birinci olan pilot bəlli oldu. Ən yaxşı nəticəyə “Red Bull” komandasından Maks Ferstappen imza atdı. Niderlandlı sürücü əsas yarışda ilk sırada olacaq. “Williams” komandasından Karlos Sayns 2-ci, "Racing Bulls” komandasından Liam Louson isə 3-cü yeri tutdu.

Amma hər yarış olduğu kimi, bu dəfə də mübarizənin sərt anları yaşandı. “Williams” komandasının pilotu Aleks Albon qəza törədərək qırmızı bayraqların dalğalanmasına səbəb oldu. Daha dramatik hadisə isə “Ferrari” sürücüsü Şarl Leklerin Filarmoniyanın yaxınlığındakı 15-ci döngədə baryerlərə çırpılması idi. Onun komanda yoldaşı, yeddiqat çempion Lyuis Hemilton isə yalnız 12-ci yeri tutaraq sıralamanın ilk üç mərhələsinə yüksələ bilmədi. Hazırda çempionata 324 xalla Oskar Piastri liderlik edir. Onun ardınca 293 xalla Lando Norris, 230 xalla isə Maks Ferstappen gəlir.

Ümumiyyətlə, Bakı Şəhər Halqası 2016-cı ildən bəri “Formula–1” azarkeşlərini həm tarixi İçərişəhərin dar küçələri, həm də Xəzər sahili boyu uzanan uzun düzlükləri ilə valeh edir. Bu trek təkcə texniki mürəkkəbliyi ilə deyil, həm də tamaşaya çevrilən gərgin mübarizələri ilə seçilir. Təsadüfi deyil ki, səkkiz yarışda yeddi fərqli qalibin olması Bakı Qran Prisini ən dramatik yarışlardan birinə çevirib.

Bu il Azərbaycan Qran Prisinin müqaviləsinin 2030-cu ilə qədər uzadılması xəbəri də yarış azarkeşləri üçün əlavə sevinc oldu. Bu qərar həm ölkəmizin beynəlxalq idman arenasındakı nüfuzunu gücləndirir, həm də gələcək nəsillərə idman sevgisini aşılamaq baxımından böyük əhəmiyyət daşıyır. Gənclər və idman naziri Fərid Qayıbovun sözləri də bu fikri təsdiqləyir: “Azərbaycan Qran Prisi artıq dünya çempionatının ən çox gözlənilən yarışlarından biridir. Bu əməkdaşlıq paytaxtımızın gözəlliyini və enerjisini dünyaya tanıdır”.

“Formula–1”-in prezidenti Stefano Domenikali isə Bakının möhtəşəm enerjisindən danışaraq Prezident İlham Əliyevə və yarışın təşkilatçılarına xüsusi təşəkkürünü bildirdi: “Bakı şəhərinin enerjisi inanılmazdır və 2016-cı ildə ilk Qran Primizdən bəri “Formula–1” burada daim Azərbaycan xalqı tərəfindən isti və səmimi şəkildə qarşılanıb. Bu trek texniki döngələri və Xəzər sahili ilə qədim şəhərdən keçən uzun düzlükləri ilə hər dəfə rəngarəng və maraqlı yarış təqdim edir. Müqavilənin uzadılması “Formula–1”, Azərbaycan hökuməti və promouter arasındakı güclü etimadı və əməkdaşlığı əks etdirir və ölkədə idmanın gələcəyi üçün yeni perspektivlər açır. Prezident İlham Əliyevə və nazir Qayıbova tədbirin inkişafına göstərdikləri davamlı dəstəyə görə təşəkkürümü bildirirəm. Anar Ələkbərova və Azərbaycan Avtomobil Federasiyasına ölkədə Formula 1-in inkişafına verdikləri töhfəyə, eləcə də Bakı Şəhər Halqası komandasına azarkeşlər, pilotlar və komandalar üçün ilboyu göstərdikləri əvəzsiz zəhmətə görə minnətdaram”.

Beləliklə, Bakı yalnız trasdakı həyəcanla deyil, həm də mədəni tədbirlərlə Formula 1 həftəsonunu əsl bayrama çevirib. Sentyabrın 19-da Bakı Kristal Zalında elektron musiqinin ulduzu Anyma möhtəşəm konsert proqramı ilə çıxış etdi. İtalyan-amerikalı DJ-in “Genesys” albomundan seçilən trekləri güclü vizual effektlər və səhnə şousu ilə birləşərək tamaşaçılara unudulmaz anlar yaşatdı. Eyni zamanda, bulvar boyunca qurulan əyləncə zonaları balaca “Formula–1” azarkeşlərinin sevinci ilə doldu. Bu festivalın ən duyğulu məqamlarından biri isə II Qarabağ müharibəsində qəhrəmanlıqla canından keçən şəhidlərimizin ailələrinin və qazilərimizin fəxri qonaq qismində dəvət olunması idi. Onların varlığı bu yarışa xüsusi məna qatdı, sürət bayramını qələbə ruhu ilə birləşdirdi.

Bir sözlə, Bakı bu həftəsonu bir daha sübut etdi ki, “Formula–1” yalnız bir idman yarışı deyil, həm də mədəniyyət, birlik və emosiyaların təntənəsidir. Həm trasda, həm də trasdan kənarda yaşananlar şəhəri qlobal idman səhnəsində unikal mövqeyə daşıyır.

Səbuhi MƏMMƏDOV,
Сavid QAÇAYEV (foto)
XQ

Chosen
9
xalqqazeti.az

1Sources