EN

Nizami Cəfərov: Elmin və sözün müdrik səsi

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

İlham TAHİROV,

filologiya elmləri doktoru, professor

Akademik Nizami Cəfərov filoloji elmimizin müxtəlif sahələrini əhatə edən tədqiqatçılıq maraqlarının genişliyi və hər bir sahəni parlaq istedadı sayəsində zənginləşdirməsi ilə seçilən elm xadimlərimizdəndir. Sələfləri və müasirləri arasında onu fərqləndirən cəhət ənənəvi olaraq filologiya (dil və ədəbiyyat) və ümumi humanitar elmləri bütöv şəkildə əhatə edən universal zəkaya malik olmasıdır. Bu mənada türkologiya, Azərbaycan dili, dil tarixi, nəzəri dilçilik, Azərbaycan ədəbiyyatı, yazılı abidələr, mətnşünaslıq, folklor, şifahi xalq ədəbiyyatı və şərqşünaslıq sahələrində apardığı araşdırmalar fenomenal miqyas daşıyır.

Onun parlaq istedadının özünəməxsusluğu elmi axtarışlarını eyni vaxtda bir neçə istiqamətdə ardıcıl şəkildə aparmaq imkanında özünü göstərir. Alim filologiya və humanitar elmlərin müxtəlif sahələrində paralel şəkildə və ümumi nəzəri baxışla işləmək gücünə malikdir.

Məhz bu səbəbdən bir alim-mütəfəkkir kimi elmi irsi öyrənilərkən onun haqqında konkret olaraq dilçi, ədəbiyyatşünas, folklorşünas, türkoloq, nəzəriyyəçi kimi danışmaq təbiidir. Hətta dilçi-türkoloq, ədəbiyyatçı-türkoloq, folklorçu-türkoloq... kimliklərini özündə birləşdirərək elmi düşüncəyə yeni üfüqlər gətirmişdir. Bu yalnız fərdi uğur deyil, milli filologiyamızın inkişaf xəritəsində bütöv bir dövrün əks-sədasıdır. “... Mənim təşəbbüsümlə Azərbaycanda Atatürk Mərkəzi artıq fəaliyyət göstərir... Mən çox böyük bir professoru həmin mərkəzə başqan təyin etdim...” – deyən ümummilli lider Heydər Əliyevin sözləri bir daha sübut edir ki, Nizami Cəfərovun elmi nüfuzu fərdi yaradıcılıqla məhdudlaşmır, milli miqyasda qəbul edilən dəyərə çevrilmişdir. Həqiqətən də, bir alimin bu qədər elmi kimliyi özündə birləşdirməsi və ya birləşdirə bilməsi nadir hadisədir. Bu məsələdə Nizami Cəfərovun istedadlı və əməksevər olduğunu demək kifayət etməz. Cavab axtarışında başlıca olan, zənnimizcə, odur ki, onun üçün elm dərketmə və yaradıcı özünüifadə prosesi kimi müqayisəedilməz və qarşısıalınmaz həyati maraqdır. O, şəxsi nümunəsi ilə göstərir ki, alim, tədqiqatçı bütün həyatı boyu öyrənə bilər və öyrənməlidir.

Akademik Nizami Cəfərov haqqında danışmaq, əslində, Azərbaycan filologiyasının son onilliklərdə keçdiyi yolu nəzərdən keçirmək deməkdir. O, bir alim kimi yalnız özünəxas tədqiqatlarla yanaşı, obrazı, imici, sözünün gücü və qüdrəti ilə yadda qalır.

Onun obrazı həm elm, həm də ictimai mühitdə “müdrik səs” obrazıdır. Bu səs auditoriyada da, siyasi tribunada da, kitab səhifələrində də eyni məna daşıyır: sözün gücü ilə düşünmək, elmin gücü ilə yaşamaq.

Hələ yolun başlanğıcında, 26 yaşındaykən, vaxtından əvvəl, müdafiə etdiyi “Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı” adlı namizədlik dissertasiyası ilə o, sadə cümlənin sadəliyində mürəkkəb tarixi qatların gizləndiyini çox böyük məharətlə aşkara çıxardı. Sadə cümlənin hər bir struktur tipində min illərin səsi, qədim yazılı abidələrimizin nəfəsi duyuldu. Və o nəfəsdən yola çıxaraq Nizami Cəfərov bütün türk dillərinin harmoniyasına qulaq asdı, doğma dilimizin inkişaf yolunu yalnız daxili mexanizmlə deyil, tarixin nəfəsi ilə izah etdi.

Bir neçə il sonra – 1991-ci ildə, 32 yaşında – müdafiə etdiyi “XVIII əsr Azərbaycan ədəbi dili” doktorluq dissertasiyası ilə yalnız bir mövzunun deyil, bütöv bir dövrün qapısını açdı – Azərbaycan ədəbi dil tarixinin yeni mərhələsi. Burada Füzulinin poetik nəfəsi ilə Vaqifin xalq ruhunu birləşdirərək dilin milliləşməsini və xəlqiləşməsini elmi əsaslarla izah etdi. Yazdığı hər bir cümlə, verdiyi hər bir model milli varlığın daşıyıcısına çevrildi.

Akademik Nizami Cəfərovun həm bu dissertasiyaları, həm də sonrakı (sayı 120-ni ötən) monoqrafiyaları Azərbaycan elmində bir mənbə rolunu oynadı: o, hər bir dil hadisəsini yalnız lokal çərçivədə deyil, bütün dil təzahürlərini ümumtürkoloji kontekstdə, ümumtürk məkanında araşdırdı, onların etnopsixoloji və etnokulturoloji köklərini müəyyənləşdirdi, araşdırdığı sahələrə özünəməxsus dəqiq sxem və modellər gətirdi.

Xüsusilə, müasir türk dilləri ilə ümumtürkcənin biri-birinə münasibəti məsələsində keçmiş sovet türkologiyasında kök salmış yanlış təsəvvürlərin əksinə olaraq, Nizami Cəfərov Azərbaycan dilini ümumtürk məkanından ayırmaq cəhdlərinə qarşı çıxdı. O, ümumtürkcənin diferensiasiyası nəticəsində ortaq və ümumi kökdən ayrılıb müstəqil dil kimi inkişaf etmiş Azərbaycan dilinin təşəkkül tarixini ortaya qoydu, elmi fikirdə aktivləşdirdi və türkoloji dilçilikdə öz konsepsiyasını yaratdı. Onun konsepsiyası türkoloji düşüncəyə yeni nəfəs verdi: Azərbaycan dili ümumi bir kökdən nəşət edib, fərqli çalarlarla inkişaf edib, amma həmin köklə hər zaman bağlı qalıb. Onun üçün elm həm nəzəriyyə, həm də milli özünüdərk vasitəsidir.

Nizami Cəfərov yalnız fərdi yaradıcılıqla kifayətlənmir. Onun adına bağlanan, sözün həqiqi mənasında fikrin, düşüncənin davamlılığına əsaslanan bir elmi məktəb var: Akademik Nizami Cəfərov məktəbi. Bu məktəb elmi-ictimai mühitdə olduğu kimi, yüzlərlə tələbənin, onlarla gənc tədqiqatçının düşüncəsində yaşayır. Məktəbin auditoriyalarında formalaşan mühit sadəcə dərs deyil, fikrin estetikasıdır. Burada tələbələr yalnız bilik öyrənmirlər, elmə heyran olmağı da öyrənirlər. Bu, əslində onun pedaqoji kredosudur. Burada bir həqiqət də aydın görünür: Nizami Cəfərovun elmi yaradıcılıq üslubu fərdi təcrübə ilə məhdudlaşmır, kollektiv şüurda rezonans doğuran bir enerji kimi dəyərləndirilə bilər.

Elm bəzən laboratoriya ilə, quru nəzəriyyə ilə məhdudlaşdırılır. Amma Nizami Cəfərov üçün elm xalqın yaddaşı, milli ruhun elmi təfsiridir. Onun Azərbaycan ədəbi dili tarixində, dil normalarının sabitləşməsində, türkoloji kontekstdə Azərbaycan dili mövqeyində apardığı tədqiqatlar sadəcə elmi axtarışlar deyil, milli kimliyin şərhi, millətin özünüdərk yoluna nəzəri dayaqdır.

Ədəbi dilin XVIII əsrdən başlayaraq milliləşməsi və sabitləşməsi barədə ortaya qoyduğu konsepsiya Füzulidən Vaqifə gələn və ya əksinə gedən yolda dilin xalqla necə qovuşduğunu göstərən unikal bir izahdır, elmi cümlə ilə poetik həqiqətin vəhdətidir: “Dil millətin nəfəsidir, nəfəs isə ancaq xalqla birləşəndə ölümsüz olur.”

Onun ümumtürk dil məkanına dair konsepsiyası isə Azərbaycan dilini süni ayrılıqlardan xilas edərək ümumi köklərə bağlayır. Bu mövqeyi ilə Nizami Cəfərov yalnız bir dilçi deyil, türk dünyasının yaddaşına körpü salan ideoloq-alimdir.

Nizami Cəfərovun adı bu gün Azərbaycan elminin parlaq simvollarından biri kimi yaddaşlara yazılıb. O, öz elmi yaradıcılığı ilə sadəcə faktlar toplayan bir tədqiqatçı deyil, düşüncəni istiqamətləndirən, yeni nəzəri modellər quran, gələcəyin yolunu göstərən bir MÜƏLLİMdir.

Onun qələminin izi həm qədim yazılı abidələrin səhifələrində görünür, həm də müasir dilin canlı nəfəsində duyulur. Dildən folklora, folklordan ədəbiyyata, türkologiyadan dil(çilik) nəzəriyyəsinə qədər hər yerdə Nizami Cəfərovun (düşüncə) imzası vardır. O, sahələr arasında sərhədləri aş(ır)mır, əksinə, onları birləşdirir və qovuşdurur.

Bu gün Azərbaycan elmi onun timsalında həm klassiklərin davamını, həm də müasirliyin üfüqünü görür. Onun elmi konsepsiyaları milli özünüdərk prosesinə dayaq, tələbələrinə isə yol xəritəsidir.

Nizami Cəfərovun bütün yaradıcılığını təsdiqləyən aforizm budur: “Alim olmaq elm(i) bilmək deyil, elmi yaşa(t)maqdır.” O, elmi yaşadır. Sözün elmi, elmin sözü onunla nəfəs alır.

Və elə buna görə də bu gün tələbələri, dostları, həmkarları deyə bilir ki, NİZAMİ CƏFƏROV təkcə hörmət və ehtiram bəslədiyimiz bir şəxsin adı deyil, bir məktəbin, bir yolun, bir düşüncə fəlsəfəsinin adıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
www.bakupost.az

1Sources