EN

Zəli xisləti – acgöz məmurların aqibəti zəlininki kimi olur, zəlil qalırlar

Bu ölkədə bir qrup adam var, bir az tanınan və məşhur adamlar həbs olunanda onların saxlanma səbəblərini, həbsin qanuniliyini dərhal şübhə altına alır, gizli bağlar, dərin qatlar axtarırlar.

Belə adamların çoxu həbsin gerçək motivlərinin "başqa şey" olduğunu bəyan edir. Ən populyar iddia "tutulan şəxs yuxarılara atıb", "yığdığını bölməyib"dir.

Bəzən bir məmurun və ya oliqarxın iştəklərindən uzun müddət yazan, necə deyərlər, "əl aparıb, qan gətirən" tənqidçilər həmin şəxs həbs olunan kimi valı dəyişirlər, "hər şey göründüyü kimi deyil, bu işdə bir iş var" kimi statuslar, şərhlər yazırlar.

Adı korrupsiyada hallanan nazir, general və ya İH başçısı həbs edilir, 30-40 milyon dollarlıq varidatı (lüks villalar, bahalı avtomobillər, otellər, şadlıq sarayları, marketlər, digər müəssisələr) aşkarlanır, dünənki "tənqidçilər" dərhal müdafiəçiyə çevrilirlər.

Hərdən elə adamlara az qala "siyasi dustaq" və ya "vicdan məhbusu" statusu qazandırmağa çalışanlar olur. Hətta saxlanılmış şəxs yeni müdafiəçilərə maddi dəstək versə və ya vəd edirsə, adamın müdafiəsi ciddi və sinxron şəkil alır. Birdən-birə yüzlərlə sosial şəbəkə üzvü onun "şərləndiyi" barədə yazır.

Bu xüsusda daha bir populyar demaqogiya da var: "Bəs o biri korrupsionerləri niyə tutmurlar?"

İnsafən, bu sualda həqiqətdaşıyıcı elementlər olduğu üçün qulağa xoş gəlir və məntiqli görünür. Hərçənd "o biri korrupsionerlər"in hələlik həbs olunmaması hazırda saxlanmış "bu biri korrupsioner"in həbsini qanunsuz etmir.

Sadəcə, ortaya belə bir gerçəyi çıxarır ki, "bu biri" əndazəni aşıb, qudurub və ya dövlətin təhlükəsizliyinə zərər vurub, ya da iqtidar komandasına necəsə xəyanət edib.

SOCAR-ın məsul şəxsi Adnan Əhmədzadənin saxlanması məsələsində də eyni hal müşahidə olunur.

Dünənə qədər "Adnan Əhmədzadə bu dəbdəbəli həyatı hansı vəsait hesabına yaşayır", "bir şirkət vitse-prezidentinin müavini olan adam Messini ölkəyə gətirmək üçün o qədər pulu haradan alır", "dövlətin o qədər pulunu nələrə xərcləyir" deyə sosial şəbəkədə status yazanlar, adamı korrupsiyada, talançılıqda suçlayanlar bu gün onun saxlanmasının qanuniliyini şübhə altına alırlar.

Əgər A.Əhmədzadə saxlanmasaydı, bunun əvəzinə ölkəyə Mbappe və ya Lamin Yamalı gətirsəydi, o zaman eyni adamlar onu qılınclayacaqdılar ki, görün, o, SOCAR-ın pulunu nəyə sərf edir.

Burası çoxdan bəllidir ki, bu ölkədə heç kəsi səbəbsiz yerə həbs etmirlər. Mütləq hər kəsin həbsini zəruri edən bir səbəb var. "Həbsin əsli səbəbi" mübahisə predmeti ola bilər, amma "adamı heç nə üstündə tutublar" sözü havayı söhbətdir.

Adnan Əhmədzadə içəri adam idi, elitaya mənsubluğu var, əli pulla oynayırdı, arxa-dayağı da olmamış deyildi, əgər onu həbs edirlərsə, deməli, ciddi əsaslar var.

Həmin əsasların bəziləri haqqında güman və ehtimallar mövcuddur. Bunların hansının real, hansının əfsanə olduğunu istintaq araşdıracaq, məhkəmə də hökm verəcək.

İndilikdə bəlli olan odur ki, Adnan canını mühakiməsiz, cəzasız qurtara bilməyəcək.

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev 2005-ci ildə həm insan oğurluğu cinayətində zərərçəkən (onun həyat yoldaşını girov götürmüşdülər), həm də bank işini yaxşı bilən mütəxəssis kimi üzdə idi, yaxşı əlaqələri, ali rəhbərliyə yaxınlığı vardı.

Amma adam artıq 10 ildir ki, həbsdədir və bu gedişlə günə-gün yatacaq. Çünki o, dövlətin milyardlarının altından girib, üstündən çıxıb. Hazırda onun bir zamanlar qanqster-polkovnik Hacı Məmmədovun əlində girov olaraq iztirab çəkən xanımı Londonda həmin oğurluq pulların hesabına lüks həyat yaşayır.

Başqa sözlə, dövlətin malına-puluna ağırlaşdırıcı şəkildə xor baxan, onu əndazəsiz şəkildə talan edən, üstəlik, bu zaman dövlətə və onun başçısına sədaqətli olmayan şəxslər cəzalandırılır.

Farsların məşhur "Kəm-kəm buxur, həmişə buxur" ("Az-az ye, həmişə ye") kəlamı bu məsələdə də keçərlidir. Zəli kimi həzm edə biləcəyindən artıq qan soranlar bir gün ya özləri partlayır, ya da kimsə onlara iynə batırıb partladır. Təəssüf ki, bir çox məmurlarda zəli xisləti var, doymaq bilmirlər, dövlətin malını partlayana qədər sümürürlər.

"Bal tutanın barmaq yalaması"na rüsxət verildiyi ölkələrdə bal küpünü oğurlayanlar və onu zəhər qatanlar cəzasız qala bilməz.

Ona görə də, buraxın, xalqın malını dağıdanlardan, dövlətə xain çıxanlardan kimi tuturlarsa, qoy tutsunlar. Xalqa nə ziyanı var ki? Mağıl, bəziləri qorxularından tamahlarını bir az boğarlar.

Xalid KAZIMLI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
1
olaylar.az

2Sources