Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Toral Bayramov Premyer Liqanın 5-ci turunda “Araz-Naxçıvan”a 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- “Araz-Naxçıvan” üzərində böyük hesablı qələbə qazanacağınızı gözləyirdiniz?
- Deməzdim. Bizi ağır oyun gözlədiyini bilirdik. Demək olar ki, çempionatın liderinə qarşı oynayırdıq. “Araz-Naxçıvan” döyüşkən komandadır. Buna görə də qarşılaşmaya çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, istədiyimiz qələbəni qazandıq.
- Rəqibin 27-ci dəqiqədə azlıqda qalmasını matçın qırılma nöqtəsi saymaq olar?
- Oyun zamanı bu cür məqamları meydanda hiss etmirik. Baş məşqçi nə tapşırıq verirsə, biz sadəcə onu yerinə yetirməyə çalışırıq.
- Karyeranızda ilk dəfə het-trik etdiniz. Təəssüratlarınız necədir?
- Qeyd etdiyiniz kimi, karyeramda ilk het-trikdir. Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Çox şadam. Bu, futbolçunun karyerasında unuda bilməyəcəyi anlardan biridir. Bunu davam etdirə bilərəm.
- Deyəsən, topu da evə aparırsınız...
- Bəli, üzərində komanda yoldaşlarımın imzası var.
- “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın imzası yoxdur?
- Xeyr, yoxdur (gülür).
- “Benfika” üzərində qələbədən sonra özünüzü necə hiss edirsiniz? Demək olar ki, bütün Avropa sizdən danışır.
- Əlbəttə, elədir. Çempionlar Liqasında, səfərdə “Benfika” kimi komandaya qalib gəlmək çox xoşdur. Kollektivdə əhval-ruhiyyə əladır. Çalışacağıq bunu qoruyub saxlayaq.
- Artıq azarkeşlər “Kopenhagen”lə görüşdə də “Qarabağ”dan qələbə gözləyirlər. Bu məqam üzərinizdə basqı yaratmayacaq?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Düzdür, hələ “Kopanhagen”lə oyuna hələ vaxt var. Daha əvvəl çempionatda “Qəbələ” ilə qarşılaşacağıq. Bilirik ki, azarekeşlərin gözləntiləri böyükdür. Ümid edirəm ki, onların etimadını doğruldacağıq.