EN

Vəfat edən şəxsi musiqi ilə dəfn etmək olar? - Açıqlama

Xəbər verdiyimiz kimi, hərbi jurnalist, nasir Şəmistan Nəzirli vəfat edib.
Ş.Nəzirli son mənzilə vəsiyyətinə uyğun şəkildə yola salınıb. Belə ki, onun vəsiyyəti ilə Aşıq Şaiq İncəli məzarı başında "Ruhani" saz havası ifa edib.
Son zamanlar bəzi insanların vəsiyyətlərinə uyğun olaraq dəfn mərasimlərində saz havası və ya müxtəlif musiqi ifaları səsləndirilir. İslamda dəfn mərasimində musiqi ifasına münasibət necədir?
 
Moderator.az-a danışan ilahiyyatçı Elvüsal Məmmədov bildirib ki, hər bir dinin öz dəfn adət-ənənəsi və qaydaları var və İslamda dəfn mərasimləri üçün müəyyən edilmiş qaydalarda musiqi ilə dəfn etmək kimi bir ənənə yoxdur.
 
“Bəzi şəxslərin vəsiyyətlərində musiqi və ya sazla dəfn olunmaq istəyi İslam şəriəti ilə uyğun deyil. Bu istəklər daha çox insanların axirət şüuruna sahib olmamasından irəli gəlir; onlar axirətdə hesab verəcəklərinə və başqa dünyanın mövcudluğuna inanmır və həyatda olduğu kimi dünyadan da şən bir şəkildə getmək istəyirlər.
Tarixən Azərbaycan xalqının dəfn adət-ənənələrində İslamın göstərişləri əsas olub. Azərbaycan xalqı müsəlmandır və dəfn mərasimləri İslamın ruhuna uyğun şəkildə həyata keçirilir. Hər şeydən öncə, dəfn mərasimi İslamın ruhunu əks etdirməlidir”, – deyə ilahiyyatçı vurğulayıb.
 
İlahiyyatçı rəhmətə gedən şəxslərin əşyalarının onunla birlikdə dəfn olunması məsələsinə də toxunaraq bildirib ki, əşyaların dəfn olunmasına ehtiyac yoxdur.
 
“Əşyaların vəfat etmiş şəxslə birlikdə dəfn edilməsi İslamın göstərişləri arasında yoxdur. Tarixdə belə hallara daha çox ibtidai insanlar arasında rast gəlinirdi; ölünün yanına əşyaları qoyurdular ki, bəlkə o, başqa dünyada onlardan istifadə edər. Lakin İslam dinində axirət inancı bu cür deyil və belə bir təsəvvürə əsaslanmır.
Yaxşı olar ki, ölənin əşyaları ailədə istifadə edilsin və ya ehtiyacı olan insanlara verilsin. Əslində, bizim adət-ənənəmizdə ölünün əşyalarından istifadə məsələsinə bir qədər ehtiyatla yanaşılır; bu, xurafat və mövhumatdır. Ölünün əşyalarından istifadə İslam şəriəti tərəfindən qadağan olunmayıb, həmçinin ağıl və məntiq bunu inkar etmir. Əgər ev sahibi istifadə etmək istəmirsə, həmin əşyalar xeyriyyə məqsədilə vəfat etmiş şəxsin adından ehtiyacı olanlara verilə bilər”, – deyə ilahiyyatçı əlavə edib.
 
Mehin Mehmanqızı
 
Chosen
14
moderator.az

1Sources