EN

Loqoped uşaqlarda düzgün nitq inkişafının metodları barədə məlumat verib

Bakı, 22 sentyabr, AZƏRTAC

Dislaliya mərkəzi sinir sisteminin və ya eşitmə orqanlarının zədələnməsi ilə əlaqədar olmayan nitq səslərinin tələffüz pozuntusudur. Nitq 5 yaşına kimi formalaşır, amma bəzi uşaqlarda səs tələffüzü qüsurları qalmaqda davam edir. Dislaliya mənşəyinə görə funksional və mexaniki olmaqla iki növə bölünür. Funksional dislaliya pedaqoji baxımsızlıq nəticəsində yaranır. Uşağın nitqinin düzgün “tərbiyə olunmaması”na və uşaq dilində danışmasına səbəb olur. Funksional dislaliyada artikulyar aparatda heç bir çatışmazlıq müşahidə olunmur. Mexaniki dislaliya isə anadangəlmə və ya sonradan qazanılmış ola bilər. Bu, artikulyasiya aparatının qüsurları nəticəsində əmələ gəlir.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin loqopedi Gülnar Hacızadə bildirib.

O deyib ki, qüsurlara dilin həddindən artıq böyük, enli, ensiz, qısa və bitişik olması, dilaltı pərdənin isə qısa olub-olmaması aiddir. Bu cür hallar dilin məhdudlaşdırılmasına səbəb olur və səs tələffüzündə çətinliklər yaradır. Uşaqların əmzikdən daha çox istifadə etməsi, barmağı sorması, ananın uşağa uzun müddət süd verməsi və tənəffüs problemləri çənə qüsurlarına səbəb olur. Daha sonra ön dişlərin aralı olub-olmaması mexaniki dislaliya yaradır:“Mexaniki dislaliyada yanlış səs tələffüzünün əsasında periferik artikulyasiya aparatının (dil, dodaqlar, dişlər, çənələr) üzvi defektləri dayanır. Dil və dodaqların quruluşunun dislaliyaya gətirən anamaliyalarına daha çox dil və üst dodaq yüyənin qısalığı səbəb olur. Dil yüyəninin qısalığı zamanı hər şeydən əvvəl dilüstü səslərin, dodaqların anomaliyasında isə dodaq və dodaq-diş səslərinin tələffüzündə qüsur yaranır. Genetik faktorların rolunu da vurğulamaq lazımdır. Ailə üzvlərində oxşar nitq problemləri dislaliyaya gətirib çıxara bilər. Erkən dil inkişafı problemləri, nitqdə gecikmə kimi amillər dislaliyaya səbəb olur. Eşitmə itkisi və problemləri bir insanın nitq səslərinin düzgün işləməsini və ya çıxarılmasını çətinləşdirə bilər. Həmçinin nevroloji problemlər beynin sinir sistemi ilə bağlı ola bilər”.

Gülnar Hacızadənin sözlərinə görə, dislaliya zamanı nitqin diaqnostik müayinəsi anada hamiləlik və doğuşun gedişatı xüsusiyyətlərinin, uşağın keçirdiyi xəstəliklərin, bioloji eşitmə və görmənin, dayaq-hərəkət aparatının vəziyyətinin öyrənilməsindən başlanır. Daha sonra loqoped vizual olaraq, artikulyar aparat orqanlarının düzülüş və hərəkətliliyini müayinə edir. “Loqopedik müayinə prosesində pozuntunun xarakteri aşkar edilir (səslərin buraxılması, əvəzlənməsi, yerdəyişməsi və təhrif olunması), daha sonra fonematik eşitmənin vəziyyəti yoxlanılır. Loqopedik rəydə dislaliyanın forması (mexaniki və ya funksional), növü (artikulyator-fonematik, akustik-fonematik, artikulyar-fonetik), yanlış səs tələffüzünün növü (rotasizm, siqmatizm və s.) öz əksini tapır. Mexaniki dislaliya zamanı uşağa stomotoloq, funksional dislaliya zamanı isə uşaq nevroloqunun konsultasiyası da tələb oluna bilər. Dislaliyanı aradan qaldırmaq üçün ilk əvvəl hansı səslərin qüsurlu tələffüz olunduğunu aşkar etmək lazımdır. Bunun üçün uşağa hər bir səsin əvvəldə, ortada və axırda işlətməsi şəkillər və ya mətnlər üzərində təklif olunur. Uşağın səsi qüsurlu tələffüz edərkən hansı səhvlərə yol verdiyini müəyyən etmək lazımdır. Səs qüsurlarını aradan qaldırmasının yamsılama (imitasiya, yəni səsin imitasiyası), mexaniki (loqopedik zondların köməyi ilə) və qarışıq (hər iki üsulun tətbiqi) olmaqla 3 üsulu var”, - deyə o diqqətə çatdırıb.

Loqoped vurğulayıb ki, dislaliya zamanı tənəffüs qüsurları, səslərin buraxılması, əvəz edilməsi, yerdəyişməsi özünü göstərir. Səs buraxılması dedikdə, səsin olmaması və ya tamamilə düşməsidir. Əvəz olunması o deməkdir ki, bir fonetik digəri ilə əvəzlənir. Əgər 4 səs qüsuru varsa, sadə (məsələn, R, L, J, G), 5 və daha artıq varsa, mürəkkəb səs qüsuru adlanır. Məsələn, R, L, J, G, Ş, K səslərin qüsuru varsa, deməli, şəxsdə mürəkkəb səs qüsuru var. “Səs qoyuluşu isə artikulyasiya aparatını qoyulacaq səs tələffüzünə hazırlamaq, dil, dodaq, izolyasiya olunmuş səsin alınması, səsin hesablarda möhkəmləndirilməsi, səsin sözlərdə, cümlələrdə möhkəmlənməsi və səsin sərbəst nitqdə möhkəmləndirilməsi mərhələləri üzrə aparılır. Hər bir mərhələ ardıcıl həyata keçirildiyi zaman effektiv nəticə əldə etmək mümkündür. Loqoped hər bir mərhələ zamanı ayrı-ayrı tapşırıqlarla uşaqda səs qüsurunu aradan qaldırır. Dislaliya korreksiyası üçmərhələli iş üzrə aparılır. Hazırlıq mərhələsində nitq aparatındakı qüsurlar aradan qaldırılır. İkinci mərhələdə səslərin tələffüzü üçün ilkin bacarıqlar formalaşdırılır. Mütəxəssis uşağa əvvəlcə təkcə səsi tələffüz etməyi öyrədir, daha sonra isə hecalara və sözlərə keçir. İşin yekun mərhələsində öyrənilmiş səsin böyüklər və həmyaşıdlarla ünsiyyətdə düzgün istifadəsinə istiqamətlənir. Mexaniki dislaliya zamanı hazırlıq mərhələsində artikulyar aparatın quruluşundakı (dil yüyəni və üst dodağın plastikası, ortodontik müalicə kursu) anatomik defektləri aradan qaldırmaq vacibdir. Hərəki-funksional dislaliyanın hazırlıq mərhələsində nitq motorikasında inkişaf etdirilir (artikulyar gimnastika, loqopedik masaj), sensor funksional dislaliyada fonomatik proseslər inkişaf etdirilir. Dislaliyanın korreksiyası üzrə məşğələlərin müntəzəm, həftədə üç dəfədən az olmayaraq, aparılması vacibdir. Həmçinin loqopedin tapşırıqlarının evdə yerinə yetirilməsi də vacib şərtdir. Sadə dislaliya üzrə məşğələlər 1-3 , mürəkkəb dislaliya üzrə 3-6 ay təşkil edir”.

Gülnar Hacızadə əlavə edib ki, məktəbəqədər uşaqlarda səs tələffüzü məktəbli uşaqlara nisbətən, aşağı sinif şagirdlərində isə orta və yuxarı sinif şagirdlərinə nisbətən daha tez korreksiya olunur. Dislaliyanın profilaktikası nitq orqanlarındakı anatomik pozuntuların vaxtında aşkarlanmasını tələb edir. Valideynlər unutmamalıdırlar ki, onlar nitqin inkişafı baxımından övladları üçün örnəkdir.

Chosen
17
1
azertag.az

2Sources