EN

Səudiyyə Ərəbistanı Yəmənə 368 milyon dollar vəsait ayıracaq

Səudiyyə Ərəbistanı Yəməndəki iqtisadi böhranın aradan qaldırılması məqsədilə Yəmən Prezident Şurasının sədri Rəşad əl-Aliminin rəhbərlik etdiyi hökumətə təxminən 368 milyon dollar məbləğində maliyyə yardımı ayıracağını açıqlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, maliyyə yardımı Yəmənin İnkişaf və Yenidənqurma Proqramı çərçivəsində göstəriləcək.

Nazirlik bildirib ki, bu qərar Kral Salman bin Əbdüləzizin göstərişi və Vəliəhd şahzadə Məhəmməd bin Salmanın tövsiyəsi əsasında qəbul edilib. Yardım həmçinin əl-Alimin çağırışına cavab olaraq göstərilir və Səudiyyə Ərəbistanının Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə verdiyi davamlı dəstəyin bir hissəsidir.

Açıqlamaya əsasən, ayrılan vəsait əsas ictimai xidmətlərin, xüsusilə səhiyyə sisteminin, dövlət büdcəsinin və yanacaq təminatının sabitləşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, Yəmən artıq on ildən çoxdur ki, silahlı qarşıdurmalarla üz-üzədir. 2014-cü ilin sentyabrından etibarən Yəmənin paytaxtı Səna və bəzi bölgələri husilərin nəzarətindədir.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Yəməndə 22 milyondan çox insanın humanitar yardım və müdafiəyə ehtiyacı var. Təmiz suyun, qida məhsullarının, dərmanların və tibbi ləvazimatların çatışmazlığı ölkədə vəba və digər yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.

Chosen
16
7
veteninfo.az

8Sources