Şimali Koreya lideri Kim Çen In bildirib ki, əgər ABŞ Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı “boş və mənasız israrından” əl çəksə, Pxenyan Vaşinqtonla danışıqlara açıqdır.
“Əgər Vaşinqton nüvəsizləşdirilmə ilə bağlı puç və məntiqsiz israrından əl çəkərsə və reallığı qəbul edərək Şimali Koreya ilə dinc yaşamağa can atarsa, bizim ABŞ-la danışıqlardan imtina etməyimiz üçün heç bir səbəb yoxdur”, – deyə Kim Çen In bildirib.
Şimali Koreya lideri, həmçinin Pxenyanın heç bir halda nüvə silahından imtina etməyəcəyini və bunun ölkə konstitusiyasında yer aldığını vurğulayıb. Cənubi Koreya ilə münasibətlərə toxunan Kim Çen In Pxenyanın heç vaxt Seulla danışıqlar masasına əyləşməyəcəyini də bildirib.
“Biz heç vaxt müdafiəsini və siyasi kursunu xarici dövlətə həvalə edən ölkə ilə birləşməyəcəyik”, – deyə Şimali Koreya lideri əlavə edib.
Onun sözlərinə görə, Şimali Koreya üçün Koreya yarımadasının birləşməsi məqsədəuyğun deyil. Kim Çen In çıxışında respublikanın müdafiə sahəsində son nailiyyətlərini də qeyd edib.
“Biz bu il yeni gizli silaha yiyələnmişik və müdafiə elmi sahəsində ölkəmizin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək uğurlar əldə etmişik”, – deyə o bildirib.
ZÜMRÜD