Cinayət aləmində “Svo Raf” (yəni, rusca "свой" – özümüzünkü) ləqəbli erməni oğrusu Rafael Baqdasaryan barədə 90-cı illərdə eşitməyən yoxdur. Kriminal aləmdə millət söhbəti olmadığı halda 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində öz əlaqələrindən istifadə edərək Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan Ermənistanı silahlandırmaq, ərzaq və yanacaqla təmin etmək üçün istifadə edən bu erməni avtoritetin “sağ əli” azərbaycanlı Fikrət Məhərrəmov olub.
Axar.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev qeyd edib.
O bildirib ki, Fikrət Məhərrəmov Rafael Baqdasaryan kimi İrəvan şəhərində anadan olub:
“Ermənistanda yaşayıb və onunla gənclik illərindən dostluq edib. Bu şəxs erməni kriminal liderin sağ əli olmaqla yanaşı Qarabağ müharibəsində Azərbaycana qarşı törədilən bütün qırğınlarda əli olub.
“Qorxmayın, mən də azərbaycanlıyam”
1992-ci il: Rusiyada yaşayan qarabağlı iş adamları hərbi zavodlardan birindən silahlar alırlar və onu Bakıya göndərmək üçün azərbaycanlı və ruslardan ibarət mühafizə sistemi qururlar. Silahlarla dolu hərbi maşınlar zavoddan çıxıb Bakıya istiqamət alır. Təxminən bir neçə saat sonra maşınların qarşısını bir dəstə alır və gələnlərdən biri Azərbaycan dilində “Qorxmayın, mən də azərbaycanlıyam” deyir. Mühafizəçilər silahı yerə qoyan kimi ermənilərdən ibarət dəstə hər birini əsir götürüb əl-qollarını bağlayırlar və silahları aparılar. Bu dəstənin başında gələn Fikrət Məhərrəmov idi və o erməni Svo Rafın əmri ilə silahları Ermənistana göndərir.
Kriminalist Sergey Qaloyan “Həmin Svo Raf” adlı kitabında Qarabağ müharibəsi zamanı qanuni oğrunun soydaşlarına necə kömək etdiyini danışır. O, Svo Rafın öz adamlarının köməyi ilə Rusiyadan qaçaqmalçılıq yolu ilə gətirilən azərbaycanlıların silahlarını ələ keçirmək üçün birbaşa Moskvada bütöv bir hərbi əməliyyat təşkil etdiyini təsvir edir. Nəhayət, silahlar Qarabağda ermənilərin əlinə keçdi – Svo Raf dəfələrlə azərbaycanlıların yardımlarına basqınlar həyata keçirib, hamısını oğurlayıb Ermənistana göndərir.
Ermənilərə 14 milyon rubl yardım
Fikrət Məhərrəmov Svo Rafın yanında, Moskvada Minsk otelində qalırdı və bura Ermənistandan Qarabağa göndərilən yaraqlılara, hərbi qruplaşmalara silah, hətta zenit sistemlərinin alınıb göndərilməsinə nəzarət edirdi. Rafael Baqdasaryan öz köməkçisi, azərbaycanlı Fikrət Məhərrəmov vasitəsilə erməni döyüşçülərinə 14 milyon rubl yardım edib.
Fikrət Məhərrəmov Amerikadakı əlaqələrdən istifadə edib, o dövrün müasir silahları olan İsrail istehsalı olan avtomatları və digər silahları alırdı və birbaşa Qarabağa, azərbaycanlıları öldürməyə göndərirdi. Ermənistanda anadan olan Fikrət Məhərrəmovun Azərbaycana və Qarabağa nifrətinin arxasında nə dururdu, bilmirəm. Ancaq onu bilirəm ki, Svo Raf öləndə Bakıdan və keçmiş SSRİ-dən onun dəfninə gedən azərbaycanlı kriminal avtoritetlərə qarşı da münasibəti loyal deyildi. Bilmirəm Ermənistanda anadan olanda ona erməni qanı vurublar, yoxsa digərləri kimi özünü azərbaycanlıdan daha çox erməni hesab etməsi səbəb olub bu xəyanətə, ancaq onun əlində minlərlə soydaşımızın qanı var.
Hətta Bakıda yaşayan kriminal avtoritetlər burdan Ermənistanın üç günlük işıq problemini həll etmək üçün benzin və yanacaq göndərmişdilər. Nədir ki, erməni oğrunun dəfnidir. Qarabağda millət Ermənistanın işğalına məruz qalan günlər “bizim” oğrular və Ermənistanda qohumları olanlar üç gün onları hərtərəfli təmin ediblər.
Buna görə də Azərbaycan birinci müharibədə kifayət qədər itki verdi – sapı özümüzdən olan baltalara görə.