EN

Ağdərənin Həsənriz kəndinə köçən daha 29 ailəyə evlərin açarları təqdim edilib - FOTOLAR

Sentyabrın 29-də növbəti köç karvanı ilə Ağdərə rayonunun Həsənriz kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu dəfə Həsənriz kəndinə 29 ailə - 115 nəfər köçüb. Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, mətbuat nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Kəndlərdə müasir infrastruktur qurulur, yollar, məktəblər, səhiyyə müəssisələri və digər sosial obyektlər inşa edilir. O xatırladıb ki, Həsənriz kəndinə bundan əvvəl də köç həyata keçirilib. Belə ki, əvvəlki mərhələlərdə kəndə 556 nəfərdən ibarət 159 ailə köçürülüb. Kənddə sakinlərin rahat yaşaması üçün bütün zəruri infrastruktur yenidən qurulub, kənd elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilib, məktəb binası əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib.

Doğma yurda qayıdan Ağdərə rayon sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Həsənrizə qayıdan sakinlərə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalardan və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Ailələr açarları alıb yeni evlərində məskunlaşıblar.

Chosen
33
2
sia.az

3Sources