EN

Professor: İlin sonuna qədər Azərbaycan-Rusiya münasibətləri qaydaya düşəcək

Professor:

“Baş verən hadisələrin əlamətləri göstərir ki, sanki Amerika ilə Rusiya arasında razılaşma var. ABŞ dünyada hegemonluq etmək istəyir və bu istiqamətdə ona mane olan qurumlardan biri də Avropa Birliyidir. Üstəlik, Avropa Birliyinin valyutası avronun məzənnəsi demək olar ki, beynəlxalq bazarlarda mövqe baxımından dollardan geri qalmır. Ən azından dəyər baxımından dollarla eynidir. Bu isə ABŞ-nın dollar baronlarına sərf etmir”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri professor Cümşüd Nuriyev ABŞ-Avropa münasibətlərindən danışarkən deyib.

Onun sözlərinə görə, dünyanın ticarət balansında avronun payı getdikcə artır. Əvvəl ABŞ dollarının payı 33 faiz olsa da, bu, son dövrlər bir qədər də azalıb. “Eyni zamanda, Avropa Birliyi ABŞ-nın siyasi maraqlarına boyun əymir. Odur ki, ABŞ bir sıra məsələlərdə Avropaya qarşı hərəkətlərə göz yumur. Bu sıraya Rusiyanın Polşaya dron hücumu və ABŞ tərəfindən buna kəskin reaksiya verilməməsi də daxildir”,- deyə C. Nuriyev əlavə edib.

Professorun fikrincə, məhz bu səbəbdəndir ki, Amerika bir çox hallarda Rusiyanın hərəkətlərinə kəskin reaksiya vermir. Bununla da Amerika bir növ Avropa Birliyini Rusiyanın əli ilə həm cəzalandırır, həm də özündən daha çox asılı olduğunu nümayiş etdirir.

“Bəli, Rusiya son dövrlər Polşa ilə bağlı problem yaradıb. Ukraynaya göndərdiyi onlarla dron Polşa hava məkanına daxil olub. Amma mən Rusiya və Avropa arasında hərbi qarşıdurma gözləmirəm. Avropada indi əsas söz sahibi Almaniyadır. Fransa prezident Makronun timsalında elə də ciddi söz sahibi deyil. Üstəlik, Avropadan Ukraynaya edilən yardıma görə də Almaniya birinci sıradadır. Yəni indi Avropanın siyasi sükanı daha çox Almaniyanın əlindədir”,- C. Nuriyev bildirib.

Müsahibimiz qeyd edib ki, Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiya əhalisinin sayı 147 milyon nəfər olsa da, hazırda bu sayda azalma var, çünki milyonlarla insan ölkəni tərk edib: “Yüz minlərlə insan isə müharibədə həyatını tirib. İndi Rusiyada 125 milyon insanın qaldığı barədə məlumatlar var. Üstəlik, hazırda Rusiya qan canağı kimidir və onun hərəkətlərini proqnozlaşdırmaq asan deyil. Məncə, Rusiya daha çox Estoniya kimi ölkələrə hücum edə bilər”.

Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, professor xatırladıb ki, Ukrayna müharibəsi başlamazdan əvvəl rəsmi Bakı Moskva ilə strateji müttəfiqlik haqqında saziş imzalayıb:

“Mən ehtimal edirəm ki, ilin sonuna qədər Rusiya ilə münasibətlər tam düzələcək. Gözləyirəm ki, Rusiyada soydaşlarımıza, üstəlik, bəlli media orqanlarında Azərbaycana qarşı aparılan əsassız kampaniya da səngiyəcək. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi xarici siyasət çox doğrudur”.

Nemət ORUCOV
Reyting.az
Chosen
4
1
reyting.az

2Sources