EN

Daşınmaz Əmlak Fondunun yaradılması gündəmdədir - AÇIQLAMA

Son dövrlər Azərbaycanda daşınmaz əmlak bazarının daha şəffaf və səmərəli inkişafı məqsədilə islahatların dərinləşdirilməsi və bu kontekstdə Daşınmaz Əmlak Fondunun yaradılması zərurəti gündəmə gəlib.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, Daşınmaz Əmlak Fondunun yaradılması təşəbbüsü Azərbaycanda daşınmaz əmlak bazarının daha şəffaf, səmərəli və investisiya baxımından cəlbedici hala gətirilməsi baxımından aktual məsələdir.

Onun sözlərinə görə, sözügedən təşəbbüs bir neçə əsas amildən qaynaqlanır və ölkənin iqtisadi inkişaf strategiyası çərçivəsində əhəmiyyətli rol oynaya bilər.

Hazırda daşınmaz əmlak bazarında qiymətlərin qeyri-sabitliyi, qeydiyyat problemləri və qeyri-rəsmi sövdələşmələr mövcuddur. Fondun yaradılması bu sahədə şəffaflığı artıraraq daha etibarlı bazar mühiti yarada bilər. Dövlətin balansında olan, lakin istifadə olunmayan və ya qeyri-səmərəli istifadə olunan daşınmaz əmlakların idarəçiliyini bu fond vasitəsilə həyata keçirmək, onların gəlir gətirən aktivlərə çevrilməsinə imkan yarada bilər”.

Sədr müavini bildirib ki, Fond vasitəsilə beynəlxalq və yerli investorlar üçün yeni investisiya alətləri təqdim olunacaq, bu da iqtisadiyyata əlavə kapital axınını təmin edə bilər.

“Bu baxmdan Daşınmaz Əmlak Fondunun yaradılması ilə bağlı hüquqi bazanın yaradılmasına ehtiyac var. Bu fond yaradılarsa daşınmaz əmlak sahəsində münasibətlər müasir dövrün tələbləri səviyyəsinə gətirilməklə investisyaların yatırılması baxımından daha cəlbedici sahəyə çevirmək olar. Hesab edirəm ki, yaxın zamanlarda ölkəmizdə Daşınmaz Əmlak Fondunun yaradılması ilə bağlı məsələ gündəmə gələr və müvafiq hüquqi haddımlar atılar”,- deyə millət vəkili fikrini tamamlayıb.

Chosen
32
3
modern.az

4Sources