“Bu, uzunmüddətli gözlənilən bir proses idi. Çünki dünya təcrübəsində də görünür ki, daşıyıcı şirkətlər dövlət dəstəyi olmadan fəaliyyətlərini davam etdirə bilmirlər. Əvvəlki dövrdə bu şirkətlər üçün daha rahat idi. Onlar köhnə avtobuslarla ürəkləri istədiyi formada xidmət göstərirdilər və bu, onlar üçün normal sayılırdı. Sınıq-salxaq avtobuslar və keyfiyyətsiz ictimai nəqliyyat həmin dövrdə qəbul edilirdi. Amma bu gün biz bunu qəbul etmirik və deyirik ki, keyfiyyətli avtobus olmalıdır, kondisioner sistemi işləməlidir, isitmə-soyutma sistemi təmin olunmalıdır. Bundan əlavə, avtobuslar qazla və ya elektriklə işləməli, ekoloji baxımdan da təmiz olmalıdır. Əgər bu tələblər qoyulursa, dövlət də məcburdur ki, onlara müəyyən dəstək göstərsin”. E.Muradlı hesab edir ki, mexanizm elə qurulmalıdır ki, əlçatan və davamlı olsun: “Hazırda dəstəyin mexanizmi elə qurulur ki, ictimai nəqliyyata ayrılan subsidiya bir növ avtobusdan istifadə etməyən insanların üzərinə düşür. Belə ki, sən şəxsi avtomobildən istifadə edirsən, amma ictimai nəqliyyata da dolayısı ilə dəstək göstərmiş olursan. Çünki ödənişli zonalara daxil olduqda pul ödəyirsən, yanacaq alarkən əlavə ödənişlər edilir və həmin məbləğlər xüsusi fonda köçürülür. Bu fonda toplanan pullar isə ictimai nəqliyyata dəstək məqsədilə istifadə olunur. Yəni bu, bir növ avtomobili olan insanların ictimai nəqliyyata ödədiyi vəsaitdir”. Ödənişsiz zonaların yaradılması məsələsinə toxunan ekspert qeyd edib ki, bununla bağlı hələ tam detallı məlumat yoxdur: “Çünki onların işlənib hazırlanması üçün üç ay vaxt tələb olunur. Amma ictimai nəqliyyata dəstək mexanizmi gələn ildən tətbiq olunacaq”,- deyə E.Muradlı bildirib.
Gülbəniz Hüseynli / Metbuat.az