EN

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Yaponiyada beynəlxalq sərgidə

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilk dəfə Yaponiyada keçirilən “Osaka, Kansai, Ekspo 2025” Ümumdünya sərgisində təmsil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə İnklüziv mərkəzin üzvlərinin sərgidə iştirakı Azərbaycanın zəngin mədəni irsini və inklüziv dəyərlərini dünyaya tanıtmaq məqsədi daşıyıb.

Mərkəz heyəti "Hər kəs üçün harmoniya" adlı iki günlük proqramla beynəlxalq tədbirdə iştirak edərək konsert proqramı, dulusçuluq istiqaməti üzrə master-klas və əl işlərindən ibarət sərgi nümayiş etdirib.

Tədbir çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti və filialları barədə ziyarətçilərə məlumat verilib.

Mərkəzin həssas qruplardan olan benefisiarları və təlimçilərinin iştirakı ilə təqdim olunan konsert proqramı tamaşaçılarda Azərbaycan musiqisinin zənginliyi barədə xoş təəssüratlar yaradıb. 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar repertuarda vətənpərvərlik mövzusu üstünlük təşkil edib.

Həmçinin, Azərbaycan pavilyonunda Mərkəzin təlimçisi Cahan Namazovanın bələdçiliyi ilə dulusçuluq üzrə master-klas təşkil olunub. Tədbir iştirakçıları ölkəmizin qədim sənət ənənələri, milli rəmzləri və benefisiarların hazırladıqları əl işləri ilə yaxından tanış olublar.

Mərkəzin “Ekspo 2025” də iştirakı sərginin builki “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” mövzusu çərçivəsində Azərbaycanın mədəni müxtəlifliyinin və inklüziv cəmiyyət quruculuğu sahəsindəki töhfələrinin təbliği baxımından əhəmiyyətli olub.

Mərkəz tərəfindən həssas kateqoriyalara aid ümumilikdə 800 nəfərdən çox istedadlı şəxsin yaradıcılıq potensialının inkişafına dəstək göstərildiyi sərgi iştirakçılarının diqqətinə çatdırılıb, onlara məlumat kitabçaları paylanılıb.

Mustafa KamalXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
8
xalqqazeti.az

9Sources