EN

Təcrübəsiz valideyn övladının zəka yetərsizliyi və inkişaf gecikmələrinin ən yüngül formalarını görə bilmir

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə bir müəllimin 1-ci sinfə gedən şagirdləri ilə sual-cavab görüntüləri yayılıb. Elementar, sadə suallara cavab verə bilməyən uşaqlar çox idi. Mövzu, qohumluq əlaqələridir. Məsələn; müəllim soruşur ki, atamızın qardaşına nə deyirik? Biz kimə xala deyirik? Biz kimə bibi deyirik? Hətta uşaqlardan biri atamızın qardaşına xala deyirik deyə bildirdi. Uşaqların çox az qismi suala düzgün cavab verdi.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına “Neuro Academy” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva bildirib ki, ümumiyyətlə, diaqnozdan söhbət getməsi üçün hər hansı bir istiqamətə aparılan dəyərləndirmə yetərli olmaya bilər: “İnkişaf gecikmələri, zəka yetərsizliyi kimi problemlər bir diaqnozdur. Ancaq uşağın hər hansı bir qohumluq əlaqələrini bilməməsi haqda dərhal "gecikmə var, ləngimə var, inkişafında problem var" deməyimiz yanlış olar”.

Nuriyyə Quliyeva

Psixoloq qeyd edib ki, pedaqoqların səriştəli və təcrübəli olmağı psixoloqlara çox köməklik edir: “Bunun üçün bütövlükdə uşaq psixiatr tərəfindən diaqnostikadan keçirilməli və dəyərləndirilmə aparılmalıdır. Ondan sonra bu klinik göstəricilər əsasında dəyərləndirmə aparılarkən diaqnoz həkim tərəfindən qoyulur. Amma əlbəttə ki, pedaqoqlarımızın səriştəli və təcrübəli olmağı bizə çox köməklik edir. Çünki bir çox problemi ilk olaraq müəllimlər görür. Valideyn təcrübəsizdirsə, övladının zəka yetərsizliyinin və inkişaf gecikmələrinin ən yüngül formalarını belə görə bilmir. Ələlxüsus da başqa övladı yoxdursa, uşağı müqayisə edə bilmir deyə övladının inkişafını görməyə bilər. Ola bilər ki, uşağın nitqi var, amma öz yaşına uyğun deyil. Valideyn düşünür ki, onsuz da mənim uşağım sadə təlimatları yerinə yetirirsə, bunlar kifayət edər, qalanını da məktəbdə öyrənər. Amma müəllimlər uşağın bu yaşda hansı potensiala, hansı bacarıqlara malik olduqlarını bəzi xüsusiyyətlərinə əsasən bildikləri üçün müşahidə prosesində şübhələnə bilirlər ki, bunu bir mütəxəssis dəyərləndirsin. Müəllimlərin gördükləri və bunun əsasında təqdim etdiyi rəylər çox önəmlidir. Valideynlər də diqqqətli, həssas olmalı, nədənsə şübhələndikdə psixoloqa müraciət etməlidir.

Xüsusi ölçmə testləri vasitəsi ilə uşağın inkişafı üzrə yaş göstəriciləri ortaya çıxır. Bundan sonra psixoloq uşağın probleminə əsasən psixiatra, yaxud uşaq nevroloquna getmək lazım olub-olmadığını bildirir. Əgər psixiatr və nevroloqa ehtiyac yoxdursa, problemi aradan qaldırmaq üçün təlimlər kifayət edər”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
icma.az

1Sources