EN

BP: “Şəfəq” layihəsi “Səngəçal” terminalından karbon emissiyalarını 50% azaltmağa imkan verəcək

BAKI, 22 sentyabr. TELEQRAF

Energetika Nazirliyi, SOCAR və digər tərəfdaşlarla birgə reallaşdırılan “Şəfəq” layihəsi “Səngəçal” terminalının qalan istismar dövründə karbon emissiyalarını 50% azaltmağa imkan verəcək.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

Bəxtiyar Aslanbəylinin sözlərinə görə, layihənin özəlliyi ondadır ki, bu “virtual elektrik stansiyası”dır:

“Bu layihə çərçivəsində 240 meqavat günəş enerjisi istehsal olunur və milli şəbəkəyə ötürülür, eyni zamanda həmin həcmdə enerji milli şəbəkədən götürülərək neft-qaz emalı obyektlərinin elektrikləşdirilməsinə yönləndirilir. Bu, mənim gördüyüm ən ideal enerji keçidi nümunəsidir: ənənəvi neft-qaz ölkəsində fəaliyyət göstərən enerji şirkəti gəlirinin bir hissəsini günəş layihəsinə yönəldir və bu enerji vasitəsilə emal müəssisələrini elektrikləşdirir. Bu, “Səngəçal” terminalının qalan istismar dövründə karbon emissiyalarını 50% azaltmağa imkan verəcək.

Bununla yanaşı, “Şahdəniz” platformasının elektrikləşdirilməsi, “Alfa” və “Bravo” platformalarının birləşdirilməsi, həmçinin Şahdəniz kompressor layihəsi də həyata keçirilir. Bu, aşağı təzyiqli laylardan əlavə qaz hasil etməyə imkan verəcək.

Azərbaycanla biznes aparmağın digər üstünlüyü isə odur ki, 31 illik fəaliyyətimiz dövründə hasilatın pay bölgüsü sazişlərində (PSA) investorların razılığı olmadan heç bir dəyişiklik edilməyib. 1994-cü ildə imzalanan “Azəri-Çıraq-Günəşli” PSA-da, yaxud 1996-cı ildə imzalanan “Şahdəniz” PSA-da götürülən öhdəliklər tam şəkildə dövlət tərəfindən icra olunub. Bu isə hər bir investor üçün ideal mühitdir. Məhz bu sərmayədar dostu mühit və tərəfdaşlıq münasibətləri əsasında biz Azərbaycanda fəaliyyətimizi yalnız ənənəvi neft-qaz sahəsində deyil, həm də bərpaolunan enerji və enerji keçidi istiqamətində davam etdirməkdə qərarlıyıq.”

Chosen
57
teleqraf.com

1Sources