EN

Rusiyanın hansı əraziləri Çinə birləşdiriləcək? - Məktəblərdə xüsusi dərslər keçirilir...


Abutalıb Səmədov: “Çin Rusiya ərazilərinin böyük hissəsini icarəyə götürüb, 2005-ci ildə Rusiya-Çin sərhədində son demarkasiya prosesi olub və Rusiya xeyli ərazisini Çinə verib”

Ukrayna İqtisadçılar Komitəsinin rəhbəri Andrey Novak “Qlavred”ə müsahibəsində bildirib ki, Çin Rusiyanın nəzarətində olan tarixi əraziləri geri almaq istəyir. Novak qeyd edib ki, Çin irəliləmək və tarixi ərazilərini Rusiyadan geri almaq üçün doğru anı gözləyir.

“Çin Ukraynada müharibənin bitməsinə töhfə verməyəcək. Çin öz tarixi ərazilərini geri almaq üçün Rusiyanın məğlubiyyətini gözləyir

Ekspertlərin və bir çox dünya liderlərinin fikrincə, işğalçı dövlət olan Rusiyanın Ukraynada müharibəni dayandırmaq qərarına təsir edə biləcək azsaylı ölkələrdən biri də Çindir”.

Novak deyib ki, Çinin beynəlxalq siyasətinin prinsipi çayın kənarında oturub düşmənin cəsədinin üzməsini gözləməkdir. Çin bu prinsipi bu gün də Rusiyaya tətbiq etməkdə davam edir. Çin indi Rusiyanın bütün tarixi ərazilərini geri qaytara bilməsi üçün cənazəsinin üzməsini gözləyir.

“Hansı ərazilərdə? Bunu Çin məktəblərində birinci sinifdən öyrədirlər. Hətta yaşayış məntəqələrinin, çayların və göllərin adları belə, hansı torpaqların müzakirə olunduğunu açıq şəkildə göstərir. Nə sovet rejimi, nə də Rusiya hökuməti bu adları dəyişdirməyib. Dərinin rənginə və göz formasına baxsaq, rus deyillər”, - o qeyd edib.

Novak qeyd edib ki, buna görə Çin indi sadəcə Rusiyanın məğlub olmasını gözləyir ki, öz ordusunu tarixi ərazilərini geri qaytarmaq üçün yeridə bilsin.

“Qlavred” yazıb ki, iqtisadçı və İqtisadi Diskussiya Klubunun icraçı direktoru Oleq Pendzinin fikrincə isə, Çinin dəstəyi olsa belə, Rusiya əbədi olaraq mübarizə apara bilməyəcək, çünki Pekin pulsuz heç nə etmir.

Kremlin pulu tükəndikdə, Çin yardımı dayandıracaq və ya bunun müqabilində ərazi güzəştləri tələb edəcək.

Ekspert deyib ki, Çin istəsə Ukraynada müharibəni bitirər, amma istəmir, oturub gözləyir ki Rusiya məğlub olsun. Rusiya məğlub olan kimi hücum edəcək və tarixən özünə aid hesab etdiyi əraziləri tutacaq. Çində məktəblərdə həmin əraziləri Çin ərazisi kimi öyrətməyə başlayıblar ki, bunlar bizim torpaqlardı və s.

Rusiyanın hansı əraziləri Çinə birləşdiriləcək?

“Bu, yəqin ki, Putinin hakimiyyəti dövründə baş verməyəcək”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Çinin Rusiya üzərində çox böyük nüfuzu var və Rusiya Çindən kifayət qədər asılıdır. “Söhbət təkcə ondan getmir ki, Çin Rusiyadan ən çox neft və qaz alan dövlətdir. Bütüövlükdə Ukrayna müharibəsinin aparılmasında Çinin müstəsna rolu var. Həm özü Rusiya hərbi sənayesinin işləməsi üçün əlindən gələni edir, Rusiyaya zəruri ehtiyat hissələri göndərir, Rusiya hərbi sənayesi Çinin yardımı ilə bugünkü səviyyəyə qalxa bilib, eyni zamanda məlumdur ki, Şimali Koreya da Rusiyaya ən çox yardım edən dövlətlərdəndir. Hətta əsgəri yardım da göstərib və Kurskda xeyli Koreya əsgəri öldürüldü. Əgər Çin istəməsə, Koreya da Rusiya ilə o qədər yaxın ola bilməz. Çünki Şimali Koreya üçün Çin çox böyük əhəmiyyətə malikdir və onun yaşamasını təmin edən dövlətdir. Bu səbəbdən Çinin Ukrayna müharibəsini qurtarmaqda həlledici rolu, təbiidir ki, ola bilər. Bugünlərdə Trampla Çin rəhbərinin telefon söhbətində hətta Ukrayna haqqında müəyyən razılıqlara gəlindiyi elan olundu. Belə bir razılığın əldə olunması müharibənin qurtarmasında həlledici rol oynaya bilər. Ancaq Çinin bilərəkdən bu müharibənin davam etməsini istəməsinin, burda məqsədin Rusiyanın zəifləməsi olduğunun söylənilməsi hesab edirəm ki, çox yanlış düşüncələrdir. Guya Rusiya zəifləyəcək və Çin bundan sonra hucum edib özününkü saydığı torpaqları işğal edəcək. Belə bir şey ola bilməz. Çünki Rusiya böyük nüvə dövlətidir. Çin də Rusiya ilə münasibətlərə çox böyük əhəmiyyət verir. Üstəlik, onsuz da Çin Rusiya ərazilərinin böyük hissəsini icarəyə götürüb, 2005-ci ildə Rusiya Çin sərhədində son demarkasiya prosesi olub və Rusiya xeyli ərazisini Çinə verib”.

A.Səmədovun sözlərinə görə, bundan başqa Rusiyanın kifayət qədər ərazisi açıq və yaxud gizli şəkildə Çinin icarəsindədir, Rusiya hər hektrara təqribən 3 dollar icarə haqqı alır. “Çinlə Rusiyanın çox böyük sərhədi var, təqribən 4210 kilometr. Onun da əsas hissəsi su sərhədidir. Quru sərhəd onun kifayət qədər az hissəsini təşkil edir. Əsas sərhədlər çay və göl sərhədləridir. Rusiya-Çin sərhədi bir sıra vilayətlərin ərazisindən keçir. Söhbət Primorye diyarından, Amur vilayətindən, Zabaykal diyarından, Buryat Respublikasından, Altay Respublikasından və sairdən gedir. Çin açıq şəkildə dövlət olaraq Rusiya ərazilərinə iddia etdiyini bəyan etmir. Müəyyən çıxışların, müəyyən qeyri-rəsmi şəxslərin iddialarının olması mümkündür. Amma Çin müdrik dövlətdir, apardığı müdrik siyasətin hesabına bu gün dünyanın ən böyük ikinci iqtisadi gücünə çevrilib, hərbi potensialı da günü-gündən artır. Çin yaxşı anlayır ki, Rusiya ilə normal münasibətlər onun təhlükəsizliyi, qarşıya qoyduğu planların icrası üçün çox vacibdir. Xüsusilə məlumdur ki, Çinin vahid dövlət olması planını Rusiya aktiv şəkildə dəstəkləyir. Rusiya Tayvanın Çinə birləşdirilməsini ən çox istəyən dövlətlərdən biridir. Bu planı ABŞ da dəstəkləyir. Ancaq eyni zamanda Tayvanın Çinlə birləşməsinə hər cür maneçilik törədirlər. İstisna olunmur ki, yaxın illərdə Çin hərbi əməliyyatlar keçirib Tayvanı güc yolu ilə özünə birləşdirsin. Burda ona Rusiyanın dəstəyi çox lazımdır. Rusiyanın dəstəyinə Çinin çox böyük ehtiyacı var. Rusiya Ukrayna müharibəsində göstərdi ki, dünya Rusiyadan çəkinir. Trampın tutduğu tərəddüdlü mövqe, gah Putinin əleyhinə danışması, gah onu tərifləməsi, gah sanksiyalarla hədələməsi, gah sanksiyaların mənasız olduğunu deməsi, gah Avropanı çıxılmaz vəziyyətdə qoyaraq “Rusiyadan neft alma, mən də sanksiya tətbiq edəcəyəm” kimi bəyanatları göstərir ki, ABŞ Rusiya ilə kəskin qarşıdurmaya getmək istəmir. Rusiyanın anormal bir hakimiyyətə malik olduğunu Tramp da görür. Eyni zamanda, Avropanın da Rusiyadan nə qədər çəkindiyi göz qabağındadır. Ukrayna müharibəsinin uzanmasını daha çox istəyən elə Avropadır. Düşünürlər ki, müharibə bir neçə il uzansa Avropa ölkələri də özlərinin ordularını yarada, hərbi güclərini artıra bilərlər, ABŞ-da yeni prezident seçilər və o, Trampın apardığı çox təhlükəli siyasətdən imtina edər. Bu səbəbdən müharibənin uzanmasında daha çox maraqlı Avropa ölkələridir. ABŞ müharibənin qısa müddətdə bitməsini istəyir. Bunu hamıdan çox Tramp arzulayır, çünki məqsədi müharibəni bitirib 8-ci sülhə nail olduğunu bəyan etmək və “Nobel” Sülh Mükafatını almaqdır”.

A.Səmədovun fikrincə, yaxın illərdə Çinlə Rusiya arasında münasibətlərin pisləşəcəyi ehtimalı yoxdur. “Ancaq məlumdur ki, Rusiya ilə Çin arasında münasibətlər dəfələrlə isti olub, sonra onu soyuqluq əvəz edib, sonra yenidən istiləşmə prosesi başlayıb. Bundan sonra növbəti soyuqluğun baş verəcəyi ehtimalı da istisna olunmur. Ancaq bu, yəqin ki, Putinin hakimiyyəti dövründə baş verməyəcək”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA

Chosen
9
baki-xeber.com

1Sources