EN

Emin Ağalarov: İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq

"İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq".

Adalet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Sea Breeze"in təsisçisi Emin Ağalarov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində deyib.

O qeyd edib, Azərbaycanın siyasi sabitliyi və dövlətin dəstəyi ilə ölkəyə sərmayə yatırmaq üçün əlverişli mühit formalaşıb:

"Bəzi ölkələrdə biznes imkanları maraqlı görünə bilər, amma siyasi qeyri-müəyyənlik investorları çəkindirir. Azərbaycanda isə əksinə, artıq 20 ildən çoxdur ki, sabitlik təmin olunub və investorların etibarı möhkəmlənib. Dövlət dəstəyi və şərait burada biznesin inkişafı üçün mühüm amildir".

Ağalarov bildirib ki, şirkəti vergi ödəyiciləri arasında mühüm yerlərdən birini tutur:

"Ötən il bizim şirkət 62-ci yerdə qərarlaşıb. Bizim ödədiyimiz vergilər büdcəyə daxil olur və sosial layihələrin həyata keçirilməsinə yönəlir".

O, həmçinin əlavə edib ki, hazırda Azərbaycanda həyata keçirilən tikinti layihələrinin dəyəri təxminən 5 milyard dollar təşkil edir:

"Bu, ölkəyə gətirilən irihəcmli investisiyalardır. Mən hesab edirəm ki, bu, həm iqtisadiyyat, həm də cəmiyyət üçün faydalıdır".

Emin Ağalarov gələcək planlardan da danışıb: "İki həftədən sonra ilk günəş panellərinin quraşdırılmasına başlayacağıq. Su təmizlənməsi, bərpaolunan enerji, külək turbinləri və digər alternativ enerji layihələri nəzərdə tutulub. Məqsədimiz ölkəni mümkün qədər yaşıl və ekoloji cəhətdən təmiz etməkdir".

Onun sözlərinə görə, qarşıdakı 10-15 ildə "Sea Breeze" həm yaşayış, həm investisiya, həm də beynəlxalq turizm mərkəzi olacaq:

"Gələcəkdə bura təkcə azərbaycanlılar üçün yox, bütün region ölkələrinin sakinləri üçün cəlbedici bir mərkəzə çevriləcək. Biz kənd turizminin inkişafı istiqamətində də layihələr həyata keçirməyi planlaşdırırıq".

Chosen
13
8
adalet.az

9Sources