EN

Türkiyə NATO-dan üz çevirir? Rusiya və Çinlə mümkün ittifaq gündəmdə! - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə, Rusiya və Çin arasında mümkün strateji müttəfiqlik barədə verdiyi bəyanata münasibət bildirib.

Ərdoğan qeyd edib ki, təşəbbüslə hələ tam şəkildə tanış olmasa da, regional təhdidlərin neytrallaşdırılması istiqamətində atılacaq addımların ölkənin maraqlarına uyğun olmasını arzulayır. Prezidentin bu açıqlaması yeni geosiyasi təşəbbüslərin gündəmə gəldiyi bir dövrdə diqqət çəkib.

Maraqlıdır görəsən, Türkiyə-Rusiya-Çin hərbi ittifaqı mümkündürmü? Belə bir əməkdaşlıq NATO üzvü olan Türkiyənin ABŞ ilə münasibətlərinə necə təsir göstərə bilər? Turkustan.az olaraq bu sualları politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay

Bildiyiniz kimi, Türkiyə artıq 70 ildən çoxdur ki, NATO-nun üzvüdür və faktiki olaraq qurucu üzvlərdən sayılır. NATO da beynəlxalq təhlükəsizlik sistemində çox önəmli bir rola malikdir. Bu baxımdan Türkiyə qərb dünyasına aid ölkə kimi qəbul olunur. Amma eyni zamanda, Türkiyə 35 ildən artıqdır ki, Avropa İttifaqına üzvlüklə bağlı müraciətinə cavab ala bilmir və bu qurumdan kənarda saxlanılıb.

Bu səbəbdən Türkiyə müstəqil siyasət yürüdür. Hazırda dünyada təkqütblü dövr başa çatmaq üzrədir və çoxqütblü bir sistemə doğru inkişaf gedir. Bu qütblərdən birinə Çin və Rusiyanın daxil olduğu blok rəhbərlik edir. Gələcəkdə yalnız iki deyil, daha çox qütblü bir beynəlxalq sistemin formalaşması mümkündür. Mövcud şəraitdə Türkiyənin birdən-birə qərbdən, NATO-dan uzaqlaşıb, Çin və Rusiya ilə birbaşa ittifaq qurması real görünmür. Çünki ittifaq üçün ortaq maraqların mövcudluğu vacibdir.

Hazırda bu maraqlar müəyyən sahələrdə kəsişsə də, tammiqyaslı ittifaq üçün obyektiv zəmin hələ formalaşmayıb. Bununla belə, Türkiyə ilə Çin və Rusiya arasında münasibətlərin ciddi şəkildə inkişafı mümkündür. Xüsusən də nəzərə alsaq ki, Türkiyə Çinin “Bir kəmər, bir yol” layihəsində aktiv iştirak edir və Avropanı Asiyaya birləşdirən ən mühüm coğrafi mövqedə yerləşir. Bu amillər əlaqələrin güclənməsinə şərait yaradır, amma yenə də bu münasibətlər ittifaq üçün kifayətli baza təşkil etmir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
50
turkustan.az

10Sources