Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfər edib. O, Nyu-Yorkda yerləşən Türk Evində müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Dövlət başçısının proqramına uyğun olaraq, tədbirlərdən sonra Ərdoğan Vaşinqtona yollanacaq və burada ABŞ prezidenti Donald Trampla görüşəcək.
Bəs Ərdoğan - Tramp görüşündən nələr gözlənilir?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"Rəcəb Tayyib Ərdoğan hər fürsətdə Birləşmiş Millətlər Təşkilatının hər il sentyabr ayında olan sessiyalarında iştirak etməyə çalışır. Orada yüksək tribunalardan çıxış edir və əsas tezislərini səsləndirir. Bu illərdə də o, BMT tribunasında çıxış etdi. Amerikada əsas tezislərdən biri "Dünya 5-dən böyükdür" ifadəsidir. Yəni BMT Təhlükəsizlik Şurasının 5 üzvünü nəzərdə tutaraq daim onların dünyəvi problemləri həll etmək iqtidarında olmadığını və yaxud öz bildikləri kimi həll etməyə çalışdıqlarını söyləyir. Faktiki olaraq demək istəyir ki, başqa ölkələrin də söz demək haqqı var.
Budəfəki çıxışında da bu tezisi yenidən təkrarlayacaq. BMT-dəki çıxışı ilə yanaşı, əsas məqamlardan biri sentyabrın 25-də Donald Tramp tərəfindən onun Ağ Evdə qəbuludur. Tramp dəvət göndərib və bu görüş də Türkiyə–ABŞ münasibətləri baxımından əhəmiyyətlidir. İki lider bir-birlərini dost və tərəfdaş adlandırırlar. Sövdələşmə olacağı zənn edilir.
Türkiyənin əsas istəyi Amerikadan nəhayət ki, "F-18", "F təyyarələrinin alınmasını təmin etməkdir. Pulun bir miqdarı da ödənilib. Keçmiş administrasiya bu məsələyə müsbət yanaşmadı. Ona görə də ümid var ki, Tramp biznesmen kimi hər şeydə bir fayda gördüyü kimi, bu məsələdə də siyasi və iqtisadi fayda görərək Ərdoğanla razılaşa bilər. Bunun qarşılığında isə Tramp Ərdoğandan, Türkiyədən, Amerikanın "Boeing" mülki təyyarələrinin alınmasını istəyə bilər. Bu da bir neçə milyardlıq sövdələşmə ola bilər. Belə bir sövdələşmə olsa, əslində, bu, hər iki tərəfin xeyrinədir və ABŞ–Türkiyə münasibətlərini daha da möhkəmləndirə bilər.
Əlbəttə, suallar hər zaman olub və gələcəkdə də olacaq. Əsas odur ki, tərəfdaşlıq güclənsin və ticarət əlaqələri üst səviyyəyə qalxsın".
Xalidə Gəray
Musavat.com