EN

Gömrük postunu ələ keçirmək istəyən dəstənin məhkəməsi...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilmiş təxribat, girov götürmə və digər ağır cinayətləri planlaşdıran ekstremist qruplaşmanın üzvləri - 1984-cü il təvəllüdlü Fəxrəddin Hacı oğlu Şahmurov və 1960-cı il təvəllüdlü Calal Murac oğlu Muradovun cinayət işi üzrə məhkəmə başlayıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Fəxrəddin Şahmurovun orta təhsilini Azərbaycan dilində almasına baxmayaraq, ona ləzgi dilində də tərcüməçi təqdim olunub.

Daha sonra təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah edilib. Dövlət ittihamçısı isə işin məhkəmə baxışına təyin olunmasını təklif edib. Onun sözlərinə görə, cinayət işinin ibtidai istintaqı aparılan zaman prosessual qaydaların pozuntusuna yol verilməyib.

Daha sonra Cəlal Muradovun vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin daimi yaşayış yerinin olduğunu deyib və onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını təklif edib.

Digər təqsirləndirilən Fəxrəddin Şahmurovun vəkili işin ibtidai istintaqa qaytarılmasını istəyib. Onlar bunu ibtidai istintaq zamanı müvəkkilinin tərcüməçi ilə təmin olunmaması ilə izah edib. Vəkil bildirib ki, işin ibtidai istintaqa qaytarılması zamanı müvəkkili tərcüməçi ilə təmin olunsun, tərcüməçi vasitəsi ilə onun ifadəsi alınsın.

Dövlət ittihamçısı isə vəsatətə etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxs Azərbaycan dilində sərbəst danışıb-oxuya bilir. Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsin sübutlar siyahısında mövcud olan Azərbaycan dilində yazdığı "Dağıstan" şeiri var: "Bu şeiri Azərbaycan dilində səlist yazmaq qədər bacarığı olduğu üzə çıxır. Vəsatətin verilməsi işin uzadılmasına, cinayətin ağırlığından yayınmağa xidmət edir. Buna görə də vəsatət təmin olunmasın".

Daha sonra hakimlər heyəti hazırlıq iclasının qərarını açıqlayıblar. Qərara görə vəsatətlər təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi barədə qərar verilib.

Chosen
17
5
publika.az

10Sources