EN

27 Sentyabr – Anım Günü » AzadMedia.az


27 Sentyabr tarixi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş bir gündür. 2020-ci ilin məhz bu günündə – səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə qarşı genişmiqyaslı hücumlarına cavab olaraq Ordumuz əks-hücum əməliyyatlarına başladı. Bu əməliyyatlar sonradan tarixə Vətən müharibəsi kimi düşdü və 44 gün davam edərək ölkəmizin ən böyük tarixi qələbəsi ilə nəticələndi.

Bu günün Anım Günü kimi qeyd olunması dövlətimizin və xalqımızın şəhidlərimizə olan əbədi ehtiramının bariz nümunəsidir. 27 Sentyabr təkcə bir müharibənin başlanma günü deyil, həm də xalqımızın milli həmrəyliyinin, qəhrəman övladlarımızın fədakarlığının, Azərbaycanın haqq və ədalət uğrunda apardığı mübarizənin simvoluna çevrilib.

Vətən müharibəsində minlərlə igid oğul və qızımız şəhidlik zirvəsinə ucaldı. Onların hər biri torpaqlarımızın azadlığı, xalqımızın təhlükəsizliyi, dövlətimizin müstəqilliyi üçün həyatlarını fəda etdilər. Bu gün hər bir azərbaycanlı üçün müqəddəs borc – şəhidlərimizin xatirəsini yaşatmaq, onların ruhuna dualar etmək və onların qəhrəmanlığını gələcək nəsillərə ötürməkdir.

Şəhidlərimizin igidliyi göstərdi ki, Azərbaycan xalqı torpaqlarının azadlığı naminə heç vaxt geri çəkilmir və heç bir güc onu yolundan döndərə bilmir. Onlar öz qanları ilə ərazi bütövlüyümüzü bərpa etdilər və Azərbaycanın tarixində yeni bir qələbə səhifəsi açdılar.

27 Sentyabr – Anım Günü, hər bir azərbaycanlının ürəyində xüsusi yer tutur. Bu gün biz yalnız kədər yaşamırıq, həm də qürur hissi keçiririk. Çünki şəhidlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan dövləti tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarını geri aldı və ərazi bütövlüyünü təmin etdi.

Anım Günü həm də bir birlik günüdür. 44 günlük müharibə xalqımızın necə sıx birləşdiyini, bütün siyasi və ictimai ziddiyyətlərin bir kənara qoyularaq milli maraqlar ətrafında cəmləşdiyini nümayiş etdirdi. Azərbaycan xalqının bu həmrəyliyi, şəhidlərimizin qəhrəmanlığı ilə birləşərək böyük Qələbənin əldə olunmasına səbəb oldu.

27 Sentyabrın hər il qeyd olunması gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox önəmlidir. Şəhidlərin həyat yolunun, döyüş qəhrəmanlıqlarının öyrənilməsi, onların adlarının əbədiləşdirilməsi və məktəblərdə, ali təhsil müəssisələrində təbliğ olunması, gələcək nəsillərə milli kimlik və dövlətçilik sevgisi aşılayır.

Bu gün həm də bizə xatırladır ki, azadlıq, suverenlik və müstəqillik heç vaxt asan əldə olunmur. Onların qorunması üçün hər bir vətəndaş ayıq-sayıq olmalı, milli dəyərlərə sahib çıxmalı və dövlətçiliyin keşiyində dayanmalıdır.

27 Sentyabr – Anım Günü təkcə Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün önəmli tarixdir. Çünki Azərbaycan Ordusunun qazandığı qələbə, şəhidlərimizin canı bahasına əldə olunan bu şanlı tarix türk birliyinin, gücünün və qardaşlığının da rəmzinə çevrildi.

Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyərək, onların fədakarlığını minnətdarlıqla yad edirik. Onların qanı bahasına qazanılan torpaqlar daim qorunacaq və gələcək nəsillərə əmanət ediləcək. Azərbaycan xalqı və dövləti şəhidlərinin xatirəsini daim uca tutacaq, Anım Günü isə tariximizin ən mühüm günlərindən biri olaraq yaddaşlarda qalacaqdır.


Rasim Ramiz oğlu İbrahimov,
Masallı rayon I Səmədxanlı ərazi dairəsi üzrə nümayəndəsi

Chosen
18
1
azadmedia.az

2Sources