EN

DTX-nin həbs etdiyi cinayətkar qrup üzvlərinin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilmiş təxribat, girov götürmə və digər ağır cinayətləri planlaşdıran ekstremist qruplaşmanın üzvləri - 1984-cü il təvəllüdlü Fəxrəddin Hacı oğlu Şahmurov və 1960-cı il təvəllüdlü Calal Murac oğlu Muradovun cinayət işi üzrə məhkəmə başlayıb.

Ölkə.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Fəxrəddin Şahmurovun orta təhsilini Azərbaycan dilində almasına baxmayaraq, ona ləzgi dilində də tərcüməçi təqdim olunub.

Fəxrəddin Şahmurovun vəkili işin ibtidai istintaqa qaytarılmasını istəyib. O, bunu ibtidai istintaq zamanı müvəkkilinin tərcüməçi ilə təmin olunmaması ilə izah edib. Bildirib ki, işin ibtidai istintaqa qaytarılması zamanı müvəkkili tərcüməçi ilə təmin olunsun, tərcüməçi vasitəsi ilə onun ifadəsi alınsın.

Dövlət ittihamçısı isə vəsatətə etiraz edib. Bildirib ki, təqsirləndirilən şəxs Azərbaycan dilində sərbəst danışıb-oxuya bilir. Dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən şəxsin sübutlar siyahısında mövcud olan Azərbaycan dilində yazdığı "Dağıstan" şeiri var: "Bu şeiri Azərbaycan dilində səlist yazmaq qədər bacarığı olduğu üzə çıxır. Vəsatətin verilməsi işin uzadılmasına, cinayətin ağırlığında yayınmağa xidmət edir. Buna görə də vəsatət təmin olunmamalıdır".

Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 6-na təyin edilib. Məhkəmə baxışı qapalı keçiriləcək.

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan vətəndaşları - Fəxrəddin Şahmurov və Calal Muradov digər şəxslərlə əlbir olaraq Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib, cinayətkar birlik yaradıblar.

Onlar respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edib, dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görüblər.

Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.

Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlamış, lakin görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınmışdır.

DTX tərəfindən Fəxrəddin Şahmurova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma), 274-cü (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), 281-1.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributu nümayiş etdirmək məqsədilə saxlama və daşıma), 28, 282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), Calal Muradova isə AR Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri yekun ittiham irəli sürülüb.

Chosen
7
12
olke.az

10Sources