EN

“Baqram”a dönüş planı...

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton yenidən Əfqanıstan yolunda

ABŞ yenidən üzünü Asiyaya tutur. Belə ki, Vaşinqton administrasiyası Əfqanıstanın Baqram hava bazasına nəzarəti dərhal ABŞ-a qaytarmasını istəyir. Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib: “Hazırda Əfqanıstanla danışırıq. Biz onun geri qaytarılmasını istəyirik. Tezliklə, indi geri istəyirik. Əgər etməsələr, mənim nə edəcəyimi görəcəksiniz”.

ABŞ-ın Əfqanıstana qoşun yeritməyə hazır olub-olmaması ilə bağlı suala Tramp “biz bu barədə danışmayacağıq” cavabını verib. Qeyd edək ki, Tramp əvvəllər də bəyan etmişdi ki, əgər ölkə hakimiyyəti bazaya nəzarəti ABŞ-a qaytarmağa razı olmasa, Əfqanıstan fəsadlarla üzləşəcək.

Sentyabrın 19-da Tramp ABŞ rəsmilərinin Əfqanıstan nümayəndələri ilə aviabaza ilə bağlı məsələləri müzakirə etdiyini açıqlayıb. Sentyabrın 18-də o, Vaşinqtonun obyektə nəzarəti geri almağa cəhd etdiyini bəyan edib. Daha sonra Tramp bunun əsas səbəblərindən biri kimi bazanın “Çinin nüvə silahını istehsal etdiyi yerdən cəmi bir saatlıq uçuş məsafəsində olması”nı göstərib.

75 yaşlı aviabaza...

Qeyd edək ki, Baqram hərbi hava bazası Əfqanıstanın Baqram şəhəri yaxınlığında yerləşən hərbi aerodromdur. 1979-1989-cu illərdə Sovet Hərbi Hava Qüvvələrinin, 2006-2021-ci illərdə isə ABŞ Hərbi Hava Qüvvələrinin Əfqanıstandakı əsas hərbi bazası kimi fəaliyyət göstərib. Hazırda Əfqanıstan Müdafiə Nazirliyinin nəzarəti altındadır. Aeroport Pərvan vilayətində, Çarikardan 11 km cənub-şərqdə və Kabildən 47 km şimalda yerləşir. Ağır nəqliyyat təyyarələrini və strateji bombardmançı təyyarələri idarə edə bilən 3000 metrlik uçuş-enmə zolağına malikdir. Hava bazasına üç böyük anqar, idarəetmə qülləsi və xeyli sayda texniki bina daxildir. 1950-ci illərdə Sovet İttifaqı tərəfindən tikilən aerodromda Əfqanıstan müharibəsi zamanı (1979-1989) SSRİ Silahlı Qüvvələrinin 40-cı Ordusunun böyük hərbi qarnizonu yerləşdirilib. Döyüş missiyalarına əlavə olaraq, Baqram Aerodromu həm də nəqliyyat mərkəzi kimi istifadə edilib.

2002-ci ildən 2021-ci ilə qədər ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən aviabaza 15 avqust 2021-ci ildə hazırkı hakimiyyət tərəfindən tutulub.

İcazə verilməsə...

Prezident Tramp tələbində bir xeyli ciddidir - belə ki, keçmiş və indiki ABŞ rəsmiləri “Reuters” agentliyinə bildiriblər ki, Trampın Əfqanıstandakı Baqram aviabazasını geri almaq planı Vaşinqtonu Əfqanıstana ikinci müdaxiləyə apara bilər. Mənbələrə görə, hava bazasına nəzarəti yenidən ələ keçirmək ABŞ rəhbərliyindən 10 mindən çox hərbçi və müasir hava hücumundan müdafiə sistemləri yerləşdirməyi tələb edə bilər. Agentliyin mənbələri qeyd edir ki, ABŞ rəhbərliyi Baqram aviabazasını hərbi yolla geri almağı fəal şəkildə planlaşdırmır. Hava bazası ABŞ tərəfindən geri alınsa belə, onlar deyirlər ki, bu ərazinin ABŞ qoşunlarına qarşı raket hücumları üçün istifadəsinin qarşısını almaq üçün onun ətrafında geniş perimetri təmizləmək və saxlamaq böyük səylər tələb edəcək.

“Taliban” qəti şəkildə narazıdır

“Taliban” isə bu təklifə müsbət rəy vermək niyyətində deyil - Taliban hökumətinin sentyabrın 21-də “X” platformada yaydığı rəsmi bəyanatda bildirilib: “Xatırladaq ki, Doha Sazişinə (ABŞ və Taliban arasında 2020-ci ildə bağlanmış Əfqanıstanda Sülhün Bərpası üzrə Saziş - Red.) uyğun olaraq, Birləşmiş Ştatlar Əfqanıstanın ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək və ya güc tətbiq etməklə hədələməmək və ya onun daxili işlərinə müdaxilə etməmək öhdəliyini götürüb.

Eyni zamanda, Kabil qeyd edib ki, o, bütün dövlətlərlə qarşılıqlı və ümumi maraqlara əsaslanan konstruktiv münasibətlərə can atır. “Taliban” əlavə edib ki, Vaşinqton keçmişin uğursuz yanaşmalarını təkrarlamaq əvəzinə realizm və rasionallıq siyasətini qəbul etməlidir”.

Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü və xarici işlər nazirinin müşaviri Zakir Cəlali də ABŞ-ın ölkədə hərbi mövcudluğunu istisna edib. “Əfqanıstan və ABŞ qarşılıqlı fəaliyyət göstərməlidir və qarşılıqlı hörmət və ortaq maraqlar əsasında iqtisadi və siyasi əlaqələr qura bilər”, - Cəlali bildirib. Diplomat xatırladıb ki, əfqanlar tarixən ABŞ-ın hərbi mövcudluğuna razılıq verməyiblər: “Bu ehtimal Dohada aparılan danışıqlar və razılaşma zamanı tamamilə rədd edilib, lakin gələcək əməkdaşlıq üçün qapı açıqdır”.

Ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fəsihəddin Fitrət isə bildirib ki, Əfqanıstan ərazisində hətta bir əcnəbi hərbçinin olması ölkə üçün qəbuledilməzdir. Kabil aviabaza ilə bağlı ABŞ və ya başqa ölkə ilə heç bir sövdələşməyə getməyəcək.

“New York Times” isə qeyd edir ki, Vaşinqton Talibanı Əfqanıstanın rəsmi hökuməti kimi tanımır və “Taliban”la ictimai əlaqəsini Əfqanıstanda həbsdə olan amerikalıların azad edilməsi üçün danışıqlarla məhdudlaşdırıb.

Mart ayından start götürən müzakirələr...

CNN mənbələrə istinadən xəbər verir ki, Baqramın ABŞ-ın nəzarətinə qaytarılması ilə bağlı müzakirələr ən azı mart ayından Tramp administrasiyası daxilində aparılmaqdadır. Tramp və onun milli təhlükəsizlik müşavirləri bazanın Çini izləmək, Əfqanıstanın mədən sənayesinə çıxış əldə etmək, İŞİD-ə qarşı mübarizə üçün mərkəzin yaradılması və ola bilsin ki, diplomatik missiyanı bərpa etmək kimi bir neçə səbəbə görə zəruri olduğunu irəli sürürlər. Kanalın mənbələrinə görə, bütün bu məqsədlər üçün ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğu tələb olunacaq.

Danışıqlar başlayıb...

Bu arada Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi Kabildə girovlarla bağlı xüsusi elçi Adam Beylerin başçılıq etdiyi ABŞ nümayəndə heyəti ilə görüşüb. Məlumata görə, danışıqlarda ikitərəfli əlaqələr, sərmayə imkanları və Əfqanıstandakı digər perspektivlər müzakirə olunub. Əmir Xan Müttəqi bildirib ki, münasibətləri normallaşdırmaq və saxlanılan vətəndaşların azad edilməsi kimi mürəkkəb məsələləri həll etmək üçün yaxşı imkan var.

“The Wall Street Journal” isə yazır ki, nümayəndə heyətinin Əfqanıstanda keçirdiyi görüşlərin bir məqsədi də məhdud hərbi kontingenti aviabazaya qaytarmaqdır. Danışıqlar ilkin mərhələdədir. Vurğulandığı kimi, Amerika nümayəndə heyətinə Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beyler rəhbərlik edir. Hərbi mövcudluğun şərtləri və mümkün formatı ilə bağlı müzakirələrin yaxın vaxtlarda davam edəcəyi gözlənilir.

S.İSMAYILZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

2Sources