EN

Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı KİMDİR... - MƏHKƏMƏ

Latviyanın paytaxtı Riqada Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham olunan şəxslərin məhkəmə prosesi başlayıb.

Modern.az-ın məlumatına görə, hadisədə ittiham olunan qruplaşmanın rəhbərinin Əli Xəlilov adlı azərbaycanlı olduğu bildirilir.

İstintaq materiallarına görə, qruplaşma Qərb sanksiyalarını pozaraq Rusiya ordusuna “Starlink” internet modulları və digər hərbi təyinatlı avadanlıqlar satıb. Məlumata görə, Əli Xəlilov uzun müddətdir Riqada yaşayır.

Prokurorluğun bildirdiyinə görə, Əli Xəlilov sxemin əsas təşkilatçısı olub, digər şəxslərə tapşırıqlar verib. Onunla birlikdə Danila Qotsulyak, Alen Navitskas və Mariya Mixeyeva da ittiham olunur. Onlar Əli Xəlilovun göstərişləri ilə hesablar açıblar, malların daşınmasını izləyiblər və avadanlıqları təhvil alıblar.

İstintaqın gedişində məlum olub ki, qruplaşma "SpaceX" şirkətinə məxsus 60-dan artıq “Starlink Mini Kit” avadanlığını qanunsuz yolla Rusiyaya ötürüb. Avadanlıqlar yük və sərnişin daşıyan sürücülərin köməyi ilə gizli şəkildə sərhəddən keçirilib. Məlumatlar Latviya ictimai televiziyasının “De facto” proqramında səsləndirilib.

Prokurorun sözlərinə görə, bu avadanlıqlardan 45-i Moskvadakı məşhur “Qorbuşka” bazarında satılıb. Daha sonra cihazlar Çeçen bölmələri ilə əlaqəli şəxslərin əlinə keçib və işğal altındakı Luqansk bölgəsinə göndərilib.

İttihama əsasən, Əli Xəlilov bəzi cihazların giriş məlumatlarını da rus tərəfinə ötürüb.

Qruplaşmanın fəaliyyəti yalnız “Starlink”lə məhdudlaşmayıb. İstintaq materiallarında Rusiyaya müxtəlif hərbi təyinatlı malların da keçirildiyi göstərilir. Buraya hərbi çantalar və silah karkasları, optik nişangahlar və kalibratorlar, güllələrin sürətini ölçən xronoqraflar, ballistik kalkulyatorlu portativ meteoroloji stansiyalar daxildir.

Bundan əlavə, iddialara görə, Əli Xəlilov Bolqarıstan və Almaniya üzərindən şirkətlər quraşdıraraq Polşadan güllə və giliz alıb, Rusiyaya göndərib.

Prokurorluq hesab edir ki, ümumi sövdələşmələrin məbləği 200 min avrodan çoxdur. ABŞ şirkətlərindən birinə verilən sifarişin dəyəri isə 100 min avro təşkil edib.

Məhkəmə iclasında Əli Xəlilov və digər ittiham olunanların ifadələri dinlənilir. Hazırda o, Riqanın Mərkəzi həbsxanasında saxlanılır. Prokuror hesab edir ki, mallar birbaşa Rusiya Silahlı Qüvvələrinin əlinə keçib, lakin qəti hökm yalnız məhkəmə tərəfindən veriləcək.

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti bildirir ki, qruplaşmanın fəaliyyəti 2024-cü ilin iyunundan oktyabrınadək davam edib. Hələ də müəyyən edilməmiş bir neçə nəfərin işə qarışdığı güman olunur.

Elnur Əmirov

Chosen
6
5
modern.az

6Sources