EN

Mansur Yavaşın bələdiyyəsi haqqında istintaq başladı

Türkiyənin Ankara Baş Prokurorluğu tərəfindən Ankara Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi 32 konsert üçün xərclənən pulların zərərə yol açdığı iddiası ilə istintaq başladılıb.

“Cebheinfo.az” xəbər verir ki, konsertlərə görə zərərin 154 milyon 453 min 221 lirə 60 qəpik olduğu müəyyən edilib. 

Artıq bununla bağlı 13 nəfər nəzarətə götürülüb. Ankara Böyük Şəhər Bələdiyyəsindən də reaksiya gecikməyib:

“Konsert xərclərinin cəmiyyətə ziyan vurması bəhanəsi ilə bir sıra həbslərin həyata keçirildiyi ictimaiyyətə məlumdur. Bu hadisə bizim 11 noyabr 2014-cü il tarixli açıqlamamızda ətraflı təsvir edilib. Hadisə ilə bağlı dərhal Bələdiyyəmizin Müfəttişlik Şurasına məlumat verilib, hərtərəfli araşdırma aparılıb və heç bir qanun pozuntusuna və ya ziyana rast gəlinməyib. Daha sonra Mülki Müfəttişlər məsələyə baxıb, 9 şəxs barəsində araşdırmaya başlayıb və 6 nəfərə araşdırma icazəsi verilib. 

Müvafiq tərəflərin və prokurorluğun etirazlarından sonra 9 nəfərin barəsində araşdırma aparılmasına icazə verilib. Üstəlik, öyrəndik ki, prokurorluq işi ekspertizaya göndərib. Normal şəraitdə indiki bələdiyyə işçilərimizi polis bölməsinə çağırıb ifadə verə bilərdilər. Lakin adət olduğu kimi, hadisə qəsdən kölgədə saxlanılaraq “Ankara Böyükşəhər Bələdiyyəsinə qarşı əməliyyat” kimi ictimailəşdirilib. Halbuki, bu şəxslər dəvət olunsaydı, onların hamısı ifadə verə bilərdi. Buna rəğmən, mədəniyyət idarəmizin bütün əməliyyatları əvvəllər Hesablama Məhkəməsi tərəfindən yoxlanılıb və heç bir nəticəyə rast gəlinməyib”.

O da əlavə onunub ki, tezliklə məsələ ilə bağlı mətbuat konfransı keçirəcəklər. Həmçinin, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş da məsələyə münasibət bildirib.

O, 2021-2024-cü illərdə bələdiyyədə incələmələr aparıldığını, amma hansısa zərərə rast gəlinmədiyini xatırladıb:

“Biz də daha sonra həmin dönəmlə bağlı özümüz incələmə apardıq. Nə biz, nə də onlar tərəfindən hansısa zərər müəyyən olunub. Sadəcə olaraq prosesləri fərqli yerlərə aparmağa çalışırlar”. 

Xatırladaq ki, Ankara Böyük Şəhər Bələdiyyəsinin keçirdiyi konsertlərdə zərərin olması ilə bağlı iddialar keçən ilin dekabr ayında gündəmə gəlib. Həmin vaxt bununla bağlı araşdırmalara başlanılmışdı.

Xüsusilə Ebru Gündeşə konsert üçün 69 milyon lirə verildiyi iddiaları gündəmi zəbt etmişdi. Hətta Mansur Yavaş da iddiaların araşdırıldığını elan etmişdi. O, müğənni və komandasına toplamda 44 milyon 937 lirə ödəniş olunduğunu demişdi.

Chosen
17
1
cebheinfo.az

2Sources