EN

Tələbə və təqaüdçülər üçün yeni ödəniş sistemi: Detallar açıqlandı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bütün avtobuslarda vahid, nağdsız ödəniş sisteminin tətbiqini sürətləndirməyi planlaşdırır. Qurumun rəhbərliyinin açıqlamasına görə, yeni qaydalar hər bir daşıyıcını bu modelə keçməyə təşviq edəcək. Nağdsız ödəniş sistemi tam təmin olunduqdan sonra təqaüdçülər, tələbələr və digər sosial kateqoriyalar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

Maraqlıdır, bu güzəştlər necə və nə zaman tətbiq oluna bilər?

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı News24.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda müəyyən sosial kateqoriyalara güzəştlərin tətbiqi ilə bağlı uzun müddətdir müzakirələr aparılır:

“Bu, gündəmdə olan məsələlərdən biridir. Qazilər, müharibə veteranları, tələbələr və təqaüdçülər üçün güzəştli mexanizmlərin tətbiqi ilə bağlı təkliflər var. Amma bu sistemin reallaşdırılması bir qədər çətindir və qısa müddətdə həllini tapa biləcək məsələ deyil. İlk növbədə, bütün ictimai nəqliyyat vasitələrinin nağdsız ödəniş sisteminə keçidi təmin olunmalıdır”.

Ekspertin sözlərinə görə, hazırda Bakıda təxminən, 30 faiz avtobus hələ də nağd ödənişlə fəaliyyət göstərir. Bu səbəbdən güzəştlərin tətbiqi üçün texniki baza tam şəkildə qurulmalıdır:

“Çox güman ki, tələbələr və təqaüdçülər üçün ayrıca ödəniş kartı veriləcək. Alternativ olaraq onların mövcud kartlarından – tələbələrin tələbə kartından, təqaüdçülərin isə pensiya kartından istifadə edilə bilər. Sistem həmin kartları tanıyaraq güzəştli ödənişi avtomatik tətbiq edəcək. Bu halda adi sərnişin 50 qəpik ödəyəcəksə, təqaüdçü və ya tələbə 30 qəpik və ya başqa bir məbləğ ödəyəcək. Yəni güzəştlərin mahiyyəti həmin kateqoriyadan olan vətəndaşların daha az ödəniş etməsindən ibarət olacaq”.


Aqil Qarayev


Chosen
86
news24.az

1Sources