EN

Dərnəgül Tikinti Bazarında söküntü... - REPORTAJ

BAKI, 23 sentyabr. TELEQRAF

Bir neçə gündürDərnəgül Tikinti Bazarında söküntü işlərinin başlandığı bildirilir. Bazarın "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi barədə rəsmi məlumat yayılıb.

Xatırladaq ki, sentyabrın 15-də Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafının dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulması üçün investisiya qoyuluşuna zəruri şərait yaradılması, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Bəs bazarda hazırkı vəziyyət necədir? Söküntü prosesi necə həyata keçirilir?

Teleqraf” İnformasiya Agentliyinin əməkdaşları söküntü işlərini yaxından müşahidə etmək üçün bazara yollanıb, sahibkar və satıcılarla həmsöhbət olmağa çalışıb.

Ucu-bucağı görünməyən bazarda işlər həmişəki qaydada davam edir. Sahibkarlar, satıcılar və fəhlələr öz işlərini görürlər. Bazarın bəzi yerlərində tikinti materiallarının, xüsusilə, taxta-şalban materiallarının az olduğunu müşahidə edilir. Bu ərazilər artıq köçürülüb.

Adının çəkilməsini istəməyən satıcılardan biri deyir ki, bazarın köçürüləcəyi xəbəri çoxdan gəzib-dolaşır:

"Yəni tez-tez bu barədə danışılırdı. İndi də bazarın “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi məsələsi gündəmə gəlib. Hazırda söküntü işləri ilə bağlı xəbərlər yayılır, amma söküntü tam başlamayıb. Hissə-hissə həyata keçirilir.

“Abşeron” Ticarət Mərkəzinin nümayəndələri bizə yer təklif edib, bülletenlər paylayıblar. Amma rəsmi heç nə deyilməyib. Biz hələ ki öz işimizdəyik”.

Başqa bir satıcının sözlərinə görə, bir neçə obyekt artıq köçüb:

“Onların onsuz da həm burada, həm də “Abşeron”da yeri var. Ümumiyyətlə, buradakıların əksəriyyətinin həm “Dərnəgül”də, həm də “Abşeron”da yeri var. İstəyirlər ki, biz də oraya köçək, amma bizi kimilərinə yol baxımından bura daha əlverişlidir”.

“Eşitdiyimə görə yanvara qədər köçürüləcək, amma rəsmi və dəqiq heç nə yoxdur. Biz Bakı Şəhər İcra Hakimiyyətindən xəbər gözləyirik. Rəsmi nə vaxt desələr, onda köçərik”, - satıcılardan biri əlavə edib.

Digər bir satıcı isə deyir ki, söküntü məsələsi bu ərazidəki evlərə aiddir, bazarda fəaliyyət göstərənlər qalacaq:

“Böyük Şor gölü ətrafında yol çəkilir, həmin yola görə bəzi evlər plana düşür. O evlərə xəbər verilib. Amma hələ dəqiq vaxt qoyulmayıb. Baku Steel Company-nin söküntüsü başlamadan buranın sökülməsi ağlabatan deyil”.

Chosen
69
teleqraf.com

1Sources