EN

23 sentyabr – Beynəlxalq Jest Dilləri Günü: QHT sədrindən AÇIQLAMA

23 sentyabr – Beynəlxalq Jest Dilləri Günü münasibətilə QHT.az-a açıqlama verən “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı bildirib ki, bu il ölkəmizdə işarət dilinin inkişafı istiqamətində mühüm addım atılıb.

Onun sözlərinə görə, 25 aprel tarixində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilərək 12-1.2 maddəsi əlavə olunub. Həmin dəyişikliklə Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınıb.

“Bu mühüm addım cəmiyyətimizdə işarət dilinə marağı daha da artırıb. Artıq televiziya kanallarında xəbər proqramları surdotərcümə ilə təmin olunur. Bundan əlavə, dövlət tərəfindən yeni təşəbbüslər irəli sürülür. Onlardan biri də DSTERA tərəfindən icra olunan "Səsiniz olaq" layihəsidir. Layihə eşitmə məhdudiyyətli şəxslərin xidmətlərə daha rahat çıxışını təmin etməyi hədəfləyir”, – deyə Cəmilə Çingizqızı vurğulayıb.

QHT sədri qeyd edib ki, yaxın illərdə işarət dili üzrə mütəxəssislərin sayının artacağı, inklüziv cəmiyyətin formalaşmasına isə mühüm töhfə veriləcəyi gözlənilir.

 

Pərvanə Fərhadqızı

Chosen
10
qht.az

1Sources