EN

BDYPİ qadın sürücülərə çağırış etdi - “Bu hərəkətlər hara aparır..."


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bütün xanım sürücülərin nəzərinə çatdırır ki, son dövrlər onların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur.

İdarədən verilən məlumata görə, aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur. Təkcə bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub və 159 nəfər xəsarət alıb.

Sükan arxasında əyləşən qadın sürücülərə ünvanlanmış çağırış onlara diqqətli və məsuliyyətli olmaq missiyasını xatırladır: “Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam məsuliyyətlə yanaşmalıdır. Əgər nəqliyyat vasitəsi ilə hərəkət zamanı yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa, qadın sürücülər bir anlıq düşünməlidir: “Bu hərəkətlər hara aparır: insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya?”.

Çağırışda, həmçinin diqqətə çatdırılır ki, ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə gətirməlidir:”Unutmayın qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur”.

BDYPİ bir daha bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırır. “Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür”- deyə çağırışda bildirilib.

Chosen
37
26
baki-xeber.com

10Sources